İşğaldan azad edilmiş ərazilərdə aqrar sahənin bərpasının istehsal həcminin 8-10 faizdən çox artırması gözlənilir.
Qarabağ və Şərqi Zəngəzur bölgələrində mövcud olan təqribən 350 min hektar örüş-otlaq sahələri, əlverişli təbii şərait burada heyvandarlığın inkişafı üçün də geniş imkanlar yaradacaq. Ümumiyyətlə Qarabağın kənd təsərrüfatına verəcəyi töhfə hansı həcmdə olacaq?
“Əlbəttə ki, Qarabağda həyata keçiləcək olan kənd təsərrüfatı fəaliyyəti Azərbaycanın ümumi məhsul təlabatının qarşılanması üçün müsbət addım olacaqdır”.
Bu sözləri kənd təsərrüfatı eksperti Bəhruz Nəzərov Ednews-a müsahibəsi zamanı deyib.
“İşğaldan azad olunmuş ərazilərdə prezidentin göstərişi ilə iri həcmli əkinlərə başlanılıb. Hazırda, orada buğda və arpa kimi payız əkinləri davam edir. Artıq şirkətlər kənd təsərrüfatı üçün münasib olan sahələrdə illik əkinlərə start verib. Əlbəttə ki, Qarabağda həyata keçiləcək olan kənd təsərrüfatı fəaliyyəti Azərbaycanın ümumi məhsul təlabatının qarşılanması üçün müsbət addım olacaqdır. Nəzərə almaq lazımdır ki, ölkənin bu sahədə xarici bazardan asılılığı var. Misal üçün dənli bitkilərlə ölkəmiz özünü təmin edə bilmir”.
Ekspert həmçinin qeyd edib ki, işğaldan azad olunan ərazilərdə həyati əhəmiyyətli su mənbələri var ki, onlarla təxmini 90-110 min hektar arası ərazini suvarmaq mümkündür.
“Qeyd edim ki, bu hardasa 5-6 rayonu əhatə edir. Həmçinin, Ağdamda Xaçınşay su anbarının olması regionda suvarma potensialını artırır.
Qeyri-şərtsiz demək olar ki, Qarabağın əkinçiliyə yararlı sahələrində suvarma problemləri var. Bunun əsas səbəbi ilk növbədə regionun uzun zamandır işğal altında olması və bu ərazilərdə ermənilərin yararlı təsərrüfatla məşğul olmamasıdır.
Məhsuldarlığın normal qaydada təlabatı qarşılaması üçün əvvəla su boruları çəkilməli və yeni suvarma sistemləri yaradılmalıdır. Bunu da deyim ki, hər hansı bir ərazidə kənd təsərrüfatı işlərinə başlanılırsa, ilk növbədə həmin sahənin ətraf regionun təlabatını qarşılaması gözlənilir. Yağıntıların keçən il qeyri-bərabər paylanması uğursuz bir hadisə olub. Lakin, su anbarlarından kanallar çəkildikdən sonra məhsuldarlıq indeksi təbiətdən asılı olmayacaq”.
Fərid Axund