Hazırda dünya bazarında neftin ucuzlaşması müşahidə edilir. Sentyabr ayında neft qiymətində 16% ucuzlaşma qeydə alınıb. Azərbaycanın ixracatını 80%-ə yaxınını neft məhsulları təşkil edir.
Neft qiymətinin ölkəyə daxil olan valyutanın həcminə birbaşa təsir göstərdiyini nəzərə alsaq, neftin ucuzlaşması manatın məzənnəsinə necə təsir göstərəcək?
Neft Araşdırmaları Mərkəzinin Rəhbəri İlham Şaban Ednews-a açıqlamasında ölkə neftinin proqnozlaşdırılandan daha baha qiymətə ixrac edildiyini vurğulayıb:
“Azərbaycan manatının dollara qarşı məzənnəsinin stabil saxlanılmasında ölkənin məhz dollarla əldə etdiyi gəlirlər vacib amildir. Azərbaycanın isə dollarla qazancında əsas yeri məhz neft və onun məhsulları tutur. Bu zaman, dövlət büdcəsinin, Dövlət Neft Fondunun gəlirlərinin və ümumiyyətlə, ölkənin tədiyyə balansının müsbət şəkildə olmasının və dünya bazarlarında neftin qiymətinin dəyişməsinin bizim iqtisadiyyata çox təsiri var. Cari il üçün Azərbaycan neftinin orta ixrac qiymətini hökumət hər barel başına $60-dan proqnozlaşdırırdısa, 10 ayın yekunlarına görə, neftin orta ixrac qiyməti $86-dan çox olub”.
Ekspert yanvar-oktyabr ayının yekunları üzrə kəsir kifayət qədər az olması səbəbi ilə məzənnənin dollar və avro qarşısında stabil qalacağını açıqlayıb:
“Maliyyə nazirliyinin açıqlamasına görə, neftin orta ixrac qiymətinin proqnoz göstəricilərindən $10 çox olması dövlət büdcəsinə təqribən 1,6 mlrd manatdan çox əlavə gəlirlərin gəlməsi deməkdir. Bu baxımdan cari ildə dövlət büdcəsinin kəsiri 2 mlrd 734,3 mln manat proqnozlaşdırılsa da, məhz neft gəlirlərinin proqnoz göstəricilərini təqribən 41% üstələməsi səbəbindən yanvar-oktyabr ayının yekunları üzrə kəsir kifayət qədər az olub. Bu səbəbdən də ölkənin həm də valyuta ehtiyatlarında artım müşahidə edilir. Nəticədə milli valyutanın məzənnəsinin stabil qalması müşahidə edilir. 2017-ci ilin aprel ayından bəri Azərbaycan manatı dollara qarşı stabildir. Azərbaycan Mərkəzi Bankının noyabrın 23-nə olan məlumatına görə, manatın dollara qarşı rəsmi məzənnəsi stabil qalmaqda davam edəcək. Manat avro və lirəyə qarşı isə bahalaşıb”.
Fərid Axund