Azərbaycanda media sahəsinin idarə olunması və tənzimlənməsi istiqamətində yeni mərhələ başlayır. Belə ki, Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır.
Bəs, sözügedən qurumların birləşməsi media üçün nələri vəd edir?
Yeni qurumun yaradılması media sahəsində hansı dəyişikliklərə səbəb ola bilər?
Mövzu ilə bağlı EDnews-a danışan əməkdar jurnalist, televiziya tənqidçisi Qulu Məhərrəmli qeyd edib ki, bu iki qurumun birləşdirilməsinin həm müsbət, həm də arzuolunmaz tərəfləri var:

"Müsbət cəhət ondan ibarətdir ki, medianın təşkilati baxımdan inkişaf etdirilməsi, təlimlərin keçirilməsi, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması və digər istiqamətlər üzrə səylər birləşdirilir. Bu, olduqca müsbət haldır. Habelə treninqlərin və müsabiqələrin təşkili, jurnalistlərin həvəsləndirilməsi və media ilə bağlı təşkilati işlərin görülməsi kimi məsələlərin vahid qurumun əlində cəmlənməsi faydalıdır".
Onun sözlərinə görə, bəzi şəxslər ehtiyat edirlər ki, idarəçiliyin və media sahəsindəki fəaliyyətin bir əldə cəmlənməsi kontent üzərində dövlət nəzarətini müəyyən dərəcədə gücləndirə bilər. Bu da müəyyən narahatlıqlara səbəb olur:
"Lakin hər şey jurnalistlərdən, onların redaksiya siyasətindən, peşəkarlığından və məsələlərə peşəkar mövqedən yanaşmasından asılıdır. Jurnalist peşə prinsiplərinə uyğun şəkildə dəqiq, doğru və dürüst məlumatlandırma fəaliyyəti ilə məşğul olduqda, həm cəmiyyətin, həm də tənzimləyici qurumların etimadını qazana bilər".
Aytac Kərimova | EDnews







