Azərbaycanda psixoloji yardım xidmətləri mövcud olsa da, cəmiyyətin böyük bir hissəsi hələ də bu xidmətə müraciət etməkdən çəkinir.
Bir çox insan psixoloqa getməyi zərurət kimi deyil, zəiflik və ya ciddi psixoloji problem əlaməti kimi qəbul edir. Digər tərəfdən, xidmətlərin qiymətinin hər kəs üçün əlçatan olmaması və peşəkar mütəxəssis seçimi ilə bağlı tərəddüdlər də müraciətlərin sayına təsir göstərir.
Bəs insanların psixoloji yardımdan uzaq durmasının əsas səbəbi nədir?
Psixoloqların müəyyən etdiyi xidmət haqqı buna mane olur, yoxsa cəmiyyətdə illər ərzində formalaşmış stereotiplər insanların bu addımı atmasına imkan vermir?
İnsanlar niyə ehtiyac duyduqları halda belə psixoloji dəstək almaqdan boyun qaçırırlar?
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev EDnews-a açıqlamasında qeyd edib ki, Azərbaycanda psixoloji xidmət sahəsi nisbətən yenidir və onun praktiki istiqamətləri hələ tam formalaşmayıb:

"Bu sahədə peşəkar mütəxəssislər olsa da, qısamüddətli kurslar keçərək fəaliyyət göstərən qeyri-peşəkar şəxslər insanların psixoloqlara inamına ciddi zərər vurub. Psixoloqların sertifikatlaşdırılması və lisenziyalaşdırılması bu sahədə etimadın artmasına mühüm töhfə verə bilər. Ölkəmizdə 2018-ci il 7 dekabrda “Psixoloji yardım haqqında” Qanun qəbul edilib. Hazırda psixoloqların fəaliyyəti məhz həmin qanunla tənzimlənir. Psixoloji xidmət Azərbaycanda yeni inkişaf edən sahələrdən biridir. Sovet dövründə bu xidmət ya mövcud olmayıb, ya da çox məhdud formada tətbiq edilib. Digər postsovet ölkələrində olduğu kimi, Azərbaycanda da psixologiya müstəqillik əldə edildikdən sonra elm və praktiki fəaliyyət sahəsi kimi daha geniş inkişaf etməyə başlayıb".
Sosioloqun sözlərinə görə, ölkədə psixologiyanın praktiki istiqamətləri hələ tam formalaşmayıb və peşəkar praktik psixoloqların sayı kifayət qədər deyil:
"İnsanların psixoloqlara münasibətində müəyyən tərəddüdlərin yaranmasının əsas səbəblərindən biri də qeyri-peşəkar şəxslərin bu sahədə fəaliyyət göstərməsidir. Bir həftəlik və ya bir aylıq kurslardan sonra özünü psixoloq kimi təqdim edən bəzi şəxslər cəmiyyətin bu sahəyə olan inamını xeyli azaldıblar. Halbuki Azərbaycanda psixologiya sahəsində ciddi elmi tədqiqatlar aparan, kifayət qədər təcrübəyə və peşəkar xidmətlərə malik mütəxəssislər də var".
Üzeyir Şəfiyev onu da əlavə edib ki, orta perspektivdə Azərbaycanda psixoloji xidmət sahəsi daha sürətlə inkişaf edəcək:
"Bunun üçün isə aidiyyəti nazirliyin tərkibində xüsusi strukturun və ya ayrıca qurumun yaradılmasına ehtiyac var. Həmin qurum psixoloqların fəaliyyət sahələri üzrə sertifikatlaşdırılmasını və lisenziyalaşdırılmasını təmin edə bilər. Belə bir sistem tətbiq olunarsa, Azərbaycanda psixoloqlara inam və etimad artacaq. Eyni zamanda, qeyri-peşəkar və diletant şəxslərin fəaliyyəti peşəkar psixoloqlara olan inamı zədələyə bilməyəcək".
Ailə və uşaq psixoloqu Aynur İsmayılova isə qeyd edib ki, psixoloji yardım hər bir halda və müxtəlif problemlər zamanı insana ən böyük dəstək vasitələrindən biridir.
Dərman preparatları insanın fiziki ağrılarını müəyyən qədər aradan qaldıra bilər. Lakin fikir və düşüncələr insanı elə güclü şəkildə idarə edir ki, bəzi hallarda psixoloqun yardımı olmadan onları nəzarətdə saxlamaq mümkün olmur. Nəticədə insanlar müxtəlif travmaların öhdəsindən gələ bilmir, iş, şəxsi həyat, ailədaxili münasibətlər və övladlarla ünsiyyət zamanı ciddi problemlərlə üzləşirlər.
Psixoloqun fikrincə, bəzən insanlar psixoloqa müraciət etmədiyi üçün həyatının ən çətin dönüş nöqtəsini yaşayırlar. Övladı ilə dil tapa bilmədikdə isə həm uşağın, həm də valideynin həyatında müxtəlif problemlər yaranır:
"Psixoloqa müraciətdən sonra insanın düşüncə tərzində dəyişiklik baş verir. O, bunun fərqinə vararaq həyatını başqa cür davam etdirməyə başlayır, övladına münasibətini dəyişir və cütlüklər aralarındakı problemlərin səbəblərini daha yaxşı anlayırlar. Psixoloji seanslardan sonra münasibətlər tədricən daha sağlam forma almağa başlayır. Hər bir ailədə müəyyən problemlər ola bilər. Lakin həmin problemlərin psixoloqun dəstəyi ilə həll edilməsi ailə münasibətlərinin daha uzunmüddətli və sağlam olmasına kömək edir. Uşaq tərbiyəsində də psixoloji dəstək əsas amillərdən biri hesab olunur".
Psixoloq hesab edir ki, cəmiyyət çox zaman psixoloqla psixiatrı qarışdırdıqları üçün psixoloji xidmətdən yayınırlar:
"Psixiatr dərman müalicəsi tətbiq edən həkimdir. Psixoloq isə insanın düşüncələri üzərində işləyən, onun ruhi və mənəvi vəziyyətinin yaxşılaşmasına yardım göstərən, müxtəlif metod və texnikalarla düşüncə tərzini dəyişməsinə kömək edən mütəxəssisdir. İnsanın psixoloji vəziyyəti ağır olduqda, ehtiyac yaranarsa, onun psixiatr müayinəsinə yönləndirilməsi daha məqsədəuyğundur. Lakin insanlar psixoloqla psixiatrı səhv saldıqları üçün məsələyə “Mən dəliyəmmi?” yanaşması ilə baxırlar. Bu səbəbdən illərlə problemlərini həll etmir və psixoloqa müraciəti gecikdirirlər. Nəticədə özləri də hiss etmədən həyatlarında mövcud olan problemlər daha da dərinləşir".
Psixoloq əlavə edib ki, psixoloqa vaxtında müraciət etmək vacibdir. Bu addım insana həyatını dəyişməyə və problemlərin böyüməsinin qarşısını almağa kömək edə bilər.
Aytac Kərimova | EDnews







