İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış ərazilərinə baxış keçiriblər.
EDnews xəbər verir ki, qonağa Ağdam, Füzuli və Xocavənd rayonlarında həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat verilib.
Bildirilib ki, Füzuli şəhəri işğal dövründə tamamilə dağıdılıb və infrastruktur məhv edilib. İşğaldan sonra isə şəhərin Baş planı hazırlanaraq təsdiqlənib və genişmiqyaslı yenidənqurma işlərinə başlanılıb.
Plana əsasən, Füzuli 2040-cı ilə qədər 50 min nəfərlik əhali üçün müasir şəhər kimi formalaşdırılacaq və burada “Ağıllı şəhər” konsepsiyası tətbiq ediləcək.
Səfər zamanı Türkmənistan tərəfindən Füzulidə inşa olunan məscid layihəsi barədə də məlumat verilib. Kompleksdə 500 nəfərlik ibadət sahəsi, 40 metrlik iki minarə və 30 metr hündürlüyündə günbəz nəzərdə tutulub.







