Ağdərə rayonu yenidən yaradılacaq. Bu barədə Milli Məclisdə qanun layihəsi qəbul edilib. Layihəyə əsasən, rayonun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonlarının ərazisindən təşkil edilir. Qeyd edək ki, adıçəkilən rayon 1992-ci ildə ləğv olunmuşdu.
Mövzu ilə bağlı Ednews-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Ağdərə rayonu azad və ərazi bütövlüyü təmin edilmiş Azərbyacanın yeni şərtlərinin tələblərini qarşılamaq üçün yaradılıb.
“Ağdərə rayonu Azərbaycanın fərqlənən bölgələrindəndir. Nəzərə alsaq ki, Ağdərə şəhəri də daxil olmaqla SSRİ-nin süqutundan sonra Milli Məclis tərəfindən ölkəboyu inzibati bölgülər aparılmışdır. O vaxtki şəraiti nəzərə alsaq, Ağdərə rayonu Tərtər, Kəlbəcər və Ağdam rayonları arasında bölüşdürüldü. Lakin, artıq yeni bir reallıqda və olduqca fərqli bir dövrdə yaşayırıq ki, bu da Ağdərə rayonunun yenidən bərpa edilməsi üçün şərait yaradır”.
Bu addımın regional iqtisadiyyata nə kimi təsiri olacaq sualına deputat regionda sənayedən daha səmərəli və məhsuldar istifadəyə şərait yaranacağını bildirdi.
“Ağdərə rayonunun bərpası regionun yerli iqtisadiyyatının formalaşmasına və inkişafına imkan verəcək. Bununla da, Azərbaycanın daha bir regionu öz məhsuldarlığından tam şəkildə istifadə edə biləcək. Bu, yeni yaradılmış rayona əlavə edilmiş ərazilərdən daha sistemli şəkildə istifadəyə imkan yaradacaq. Ağdərənin çox böyük potensialı var. Burada turizm, əkinçilik, maldarlıq, sənaye məhsullarının istehsalı və nəqliyyat-logistika imkanları potensialı mövcuddur. Daha qısa zamanda bu rayonun bütöv bir şəkildə orqanizm kimi fəaliyyət göstərməsi və Azərbaycana reinteqrasiyası baş tutacaq. Məhz buna görə Ağdərə rayonunun inkişafının Azərbaycan iqtisadiyyatında əhəmiyyətli rolu olacaq”.
Fərid Axund