Prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib

Siyasət 21:58 21.11.2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

Eurasia Diary xəbər verir ki, görüşdə Rusiyanın qurumlararası nümayəndə heyətinə daxil olan Rusiya Baş nazirinin müavinləri Aleksandr Novak və Aleksey Overçuk, səhiyyə naziri Mixail Muraşko, Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti – “Rospotrebnadzor”un rəhbəri Anna Popova, “Rusiya Dəmir Yolları” ASC-nin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorov da iştirak ediblər.

Qonaqları salamlayan Prezident İlham Əliyev deyib:

- Hörmətli Sergey Viktoroviç.

Hörmətli nümayəndə heyətinin üzvləri.

Sizi Azərbaycanda salamlamağa şadam. Sizi yenidən görməyimə şadam. Şadam ki, ölkəmizə bu cür böyük nümayəndə heyəti ilə gəlirsiniz. Nümayəndə heyətinin tərkibi özlüyündə bugünkü müzakirələrin gündəliyini əks etdirir. Bütövlükdə, bizim münasibətlərimizin gündəliyi yetərincə genişdir, bütün sahələri əhatə edir. Lakin bu gün təbii ki, biz, ilk növbədə, Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatın implementasiyası ilə bağlı məsələlər, həmçinin regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi məsələləri barədə danışacağıq.

Regionda yeni, çox ümidverici şərait yaranıb. Əminəm ki, müsbət meyillər daha da artacaq. Hər halda, Azərbaycan buna hazırdır və biz bu gün regionun inkişafı barədə düşündüklərimizi ətraflı müzakirə edəcəyik. Əlbəttə, üçtərəfli Bəyanat bizim regionda möhkəm və uzunmüddətli sülhün bərqərar olması işində mühüm addımdır. Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin şəxsi rolunu xüsusi qeyd etmək istərdim. O, razılaşmanın mətninin hazırlanmasında çox fəal, səmərəli iştirak edib və bu razılaşmanın uğurla reallaşması faktı çox cəhətdən məhz bu mətnin altında Rusiya Federasiyası Prezidentinin də imzasının olmasından asılıdır.

Regionda təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi işində Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın oynadığı mühüm rolu da qeyd etmək istərdim. Düşünürəm ki, bütövlükdə həm sülhməramlı missiya baxımından, həm də regionda uzunmüddətli əməkdaşlıq baxımından tərəfdaşlığın formatı bu gün yeni xüsusiyyətlər kəsb edir. Mənim fikrimcə, bu, region ölkələrinin əsas mənafelərinə uyğundur, çünki bizim region ölkələri, təbii ki, təhlükəsizliyin möhkəmlənməsi məsələlərində də əsas rol oynamalıdırlar. Üçtərəfli Bəyanatda razılaşdırılmış məqamlar onu göstərir ki, xoş məram və konstruktiv yanaşma olduqda əvvəllər həlledilməz hesab olunan məsələləri həll etmək olar.

Sizinlə biz nizamlama prosesinin bütün peripetiyalarını yaxşı bilirik. Lakin şadam ki, həm Azərbaycan xalqına, həm də Ermənistan xalqına sülh şəraitində yaşamağa, müharibənin vurduğu yaraları sağaltmağa çalışmağa, gələcək barədə, birgə gələcək barədə bizim üçün, qonşularımız üçün təhlükəsiz gələcək barədə düşünməyə çalışmağa imkan verəcək və bununla da regionumuzda təhlükəsizliyin möhkəmlənməsi işinə töhfə verəcək qərarlara nail ola bilmişik.

Biz həm də ona görə şadıq ki, Bəyanatın bəndlərinin hazırlanmasında birbaşa iştirak etməyən Minsk qrupunun digər üzvləri gec də olsa, Bəyanatın mətninə öz münasibətlərini, müsbət münasibətlərini bildiriblər.

Əlbəttə, biz haqlı olaraq onlardan daha operativ reaksiya gözləyirdik. Lakin görünür, onların öz mövqelərini hazırlamağa imkan verməyən müəyyən amillər olub. Amma necə deyərlər, heç vaxt olmamaqdansa, gec olmaq yaxşıdır. Mən bilirəm ki, Moskvada ATƏT-in Minsk qrupunun nümayəndələrinin görüşü keçirilib. Güman edirəm ki, onların bu bəyanata müsbət yanaşması da təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi və uzunmüddətli sülhün bərqərar olması işində mühüm rol oynayacaq.

Onu da qeyd etmək istərdim ki, Rusiya Federasiyasının Prezidentinin mövqeyinə tamamilə şərikəm. O, bəyan edib ki, bundan sonra “Dağlıq Qarabağ münaqişəsi” söz birləşməsini daha eşitməyəcəyinə ümid edir. Mən də bunu daha eşitməyəcəyimə ümid edirəm. Ümid edirəm ki, Dağlıq Qarabağ barədə danışanda yalnız inkişafla, müharibənin nəticələrinin aradan qaldırılması və vaxtilə öz aralarında düşmənçilik etmiş ölkələrin barışması ilə bağlı xəbərlər eşidəcəyik.

Bir daha xoş gəlmisiniz. Sizin gəlişinizə həmişə şadıq. Bu gün konstruktiv işləyəcəyimizə ümid edirik.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib:

- Çox sağ olun, hörmətli İlham Heydər oğlu. İlk növbədə, Sizə Rusiya Federasiyası Prezidentinin ən səmimi salamlarını çatdırıram. Biz buraya idarələrarası nümayəndə heyəti ilə gəlmişik. Onun Sizinlə razılaşdığı kimi, bizim bu səfərimiz kifayət qədər qısa müddətdə həyata keçirilməlidir. Bu, bizim, Rusiya Federasiyasının Prezidentinin 9 noyabr tarixli razılaşmaların reallaşdırılması üzrə səyləri fəal dəstəkləmək və eyni zamanda, Azərbaycan Respublikası ilə bizim tərəfdaşlığımızın xüsusi strateji xarakterini vurğulamaq niyyətini əks etdirir. Bu gün burada bizim qarşılıqlı fəaliyyətimizin bütün istiqamətləri üzrə həmkarlarımızla aparılacaq söhbətlər, əlbəttə, ikitərəfli münasibətlərin xalqlarımızın rifahı naminə inkişaf etməsinə və çiçəklənməsinə yönələcək.

Biz Azərbaycanın 9 noyabr tarixli Bəyanatı dəstəkləyən mövqeyini yüksək qiymətləndirdik. Hörmətli İlham Heydər oğlu, Siz dediyiniz kimi, bu razılaşmanı heç də hamı dərhal qəbul etmədi, onu nəticə baxımından – qan tökülməsinə son qoyulması, dinc həyata, bərpa proseslərinin nizamlanmasına keçid, humanitar problemlərin həlli baxımından deyil, geosiyasi oyunlar prizmasından interpretasiya etməyə çalışdılar. Bu isə, əlbəttə, müasir dünyanın tələblərinə uyğun deyil. Biz xüsusi əhəmiyyət veririk ki, Azərbaycan Prezidenti, hörmətli İlham Heydər oğlu bu regionda barışıq məsələsini daim vurğulayır və biz qəti əminik ki, əgər həqiqətən kənardan gətirilən hansısa maraqlar barədə deyil, insanlar barədə düşünsək, bütün gələcək işlərin mənası bundan ibarətdir.

Biz azərbaycanlı həmkarlarımızla birlikdə erməni tərəfin də iştirakı ilə sülhməramlılarımız vasitəsilə əvvəlki yerlərinə qayıdan insanların mənafeyi naminə humanitar məsələlərin həllinin konkret yollarını fəal surətdə razılaşdırırıq. Buraya mülki infrastrukturun yaradılması, iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması üçün bütün zəruri işlərin nizamlanması və əlbəttə, beynəlxalq təşkilatların, Qırmızı Xaç Komitəsinin, BMT-nin qaçqınlar, ərzaq məsələləri, uşaqların problemləri üzrə strukturlarının, bu qədim regionda mədəni, dini irsin qorunub saxlanması məsələləri ilə daha fəal məşğul olmalı olan UNESCO-nun cəlb edilməsi daxildir.

Şübhəsiz, biz ümid edirik ki, Rusiya ilə birlikdə uzun illər boyu siyasi prosesə rəhbərlik edən ATƏT-in Minsk qrupunun həmsədrləri 9 noyabr tarixli razılaşmalar nəzərə alınmaqla və onların əsasında bu məsələlərin həllinə qoşulacaqlar. Dəfələrlə Sizin də vurğuladığınız, Prezident Putinin də dediyi kimi, bu işlər həmişə ATƏT-in Minsk qrupunun fəaliyyətinin əsasını təşkil edən prinsiplər məcrasında gedir.

Prezident İlham Əliyev Rusiya dövlətinin başçısı Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş edib.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı