Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi səfərindən qayıtdıqdan sonra qeyd edib ki, Ermənistanın davam edən təxribatları ölkəsinin cənub əraziləri üçün də təhdid yaradır.
Türkiyə lideri bu mesajla hansı addımların atılacağının anonsunu verib?
Məsələ ilə bağlı Ednews-a danışan politoloq Oqtay Qasımov bildirdi ki, Prezident Ərdoğan bölgədə əsas, həlledici rola sahib dövlətin başçısıdır. Onun dünyadakı nüfuzu da deməyə əsas verir ki, o, dediyi sözləri boşuna dilə gətirmir:
"Ermənistanın son ay yarımdakı atdığı destruktiv addımları, bölgədə sülh və sabitliyə təhdid yaradan hərəkətləri, Fransa və digər havadarlarının dəstəyi ilə Azərbaycana qarşı başladığı beynəlxalq kampaniya, ölkəmiz əleyhinə beynəlxalq təzyiq mexanizminin qurulmasına nail olmaq cəhdləri, müxtəlif dövlətlər vasitəsilə hərbi gücünü artırması və regionda yeni savaş səyləri diqqətdən qaçmır. Üstəgəl, sərhəd və Qarabağ iqtisadi rayonunda təxribatların intensivliyi artır. Bir neçə gün əvvəl Kəlbəcər istiqamətində törədilən təxribat göstərdi ki, Ermənistanın davranışları bölgədə sülh və sabiliyə təhdid yaradır".
Politoloqun sözlərinə görə, Ukrayna müharibəsinin dünyada yaratdığı gərginliyə bir də Cənubi Qafqazdakı gərginlik əlavə olunduqda, bu, ağır duruma gətirib çıxara bilər:
"Bu baxımdan, Türkiyə prezidenti Ermənistanla bağlı belə bir fikir səsləndirdi. Faktiki olaraq, Ermənistana bir xəbərdarlıq edildi ki, öz fəaliyyəti və davranışına çəki-düzən versin, bölgədə sülh prosesinə təhdid yaratmasın. Ermənistan Fransanın təlimatları, İran, Hindistan və müəyyən mənada Yunanıstanın hərbi dəstəyi ilə Cənubi Qafqazda ikinci cəbhənin açılması istiqamətində fəaliyyət göstərir. Bu da Türkiyə, Rusiya və digər regional dövlətlərin marağında deyil. Çünki Rusiyanın başı Ukraynada ciddi şəkildə qarışıb. Bu baxımdan, Türkiyə prezidentinin açıqlaması Ermənistana xəbərdarlıq kimi qəbul edilə bilər.
Sərhəd və Qarabağdakı təxribatlar, Azərbaycana qarşı aparılana aqressiv təbliğat və Paşinyanın separatçılara təbrik məktubu göstərdi ki, Ermənistan rəhbərliyi danışıqlar prosesindən çəkilib. Dialoq prosesi faktiki olaraq dalana dirənib. Bu da bölgədə kifayət qədər gərgin vəziyyət yaradır. Türkiyə prezidentinin xəbərdarlıq xarakterli mesajına da bu kontekstdə baxmaq olar".
Oğuz