Bir müddət əvvəl Moskva–İrəvan münasibətlərindən bəhs edən Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ölkəsində sayca Ermənistandakından daha çox erməni yaşayır. Kremlin rəhbəri bu fikri dilə gətirərkən, ermənilərə müəyyən qədər subliminal mesaj da verib. Putinin sözügedən fikri işlətməsindən ötən müddətdə Ermənistanın anti-Rusiya ovqatı daha da güclənib. Belə olan halda onların gərginləşən münasibəti Azərbaycana, o cümlədən Cənubi Qafqaza necə təsir edə bilər?
Bu barədə Ednews-a politoloq Tural İsmayılov açıqlamasında bildirdi ki, Paşinyanın dövründə sorosçuların Ermənistanda iqtidar kürsüsünü ələ almağı, Ermənistan-Rusiya arasındakı münasibətlərin daha da dalana dirənməsinə səbəb olub:
“Bu gün açıq şəkildə Ermənistanda anti-Rusiya siyasəti həyata keçirilir və eyni formatda Rusiya da Ermənistanın bu ritorikasına qarşı kifayət qədər kəskin mövqelər nümayiş etdirir. Rusiya dövlət kanalında göstərilən reportajda Ermənistan siyasi rəhbərliyinin açıq aşağılanması və təhqir edilməsi Rusiya-Ermənistan arasındakı siyasi münasibətlərin təkcə pisləşmədiyini, həm də artıq nifrət ideologiyasına çevrildiyini göstərir. Bu, Rusiyanın Ermənistana təzyiqlərinə səbəb olacaq. Artıq Rusiyaya ilkin addım ataraq Ermənistanın verdiyi sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınmaq problemini ortaya qaldırır.
Politoloq qeyd etdi ki, Rusiya həmçinin iqtisadi baxımdan da Ermənistana ciddi təzyiqlər göstərə bilər.
“Çünki Rusiya yaxşı başa düşür ki, bu gün Ermənistan ərazilərində ikinci Ukrayna cəbhəsi açılır və Rusiyanın siyasi hərbi rəhbərliyinin də Rusiyaya qarşı Ermənistan ərazilərində oynanılan bu çirkin oyuna göz yummayacağını düşünürəm. Bu gərginləşmə Azərbaycana təsir edə bilməz. Azərbaycanın Rusiya ilə aydın və birmənalı münasibətləri mövcuddur. Ermənistan Rusiya münasibətlərindəki çatlar bizi maraqlandırmır”.
Oğuz