Yeni heç nə yoxdur: yenə ikili standartlar, yenə Azərbaycana təzyiq, yenə də Bakıya necə yaşamağı və öz milli maraqlarını necə müdafiə etməyi öyrətmək cəhdləri.
EDnews xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) qəbul edilən növbəti anti-Azərbaycan xarakterli qətnamə bir daha göstərdi ki, bəzi siyasi dairələr Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul etmək istəmirlər.
Halbuki reallıq kifayət qədər sadə və aydındır: Azərbaycan öz beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini və nəzarətini tam bərpa edib. Bu, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həyata keçirilib və heç bir müzakirə mövzusu deyil.
AŞPA-da isə nədənsə bu reallığı görməməyə üstünlük verirlər. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını qəbul etmək əvəzinə, yenə də qərəzli yanaşmalar, birtərəfli ittihamlar və siyasi təzyiq cəhdləri ön plana çıxarılır. Bu isə nə regionda sabitliyə xidmət edir, nə də Azərbaycanla Avropa institutları arasında konstruktiv münasibətlərin inkişafına.
Əslində, hazırkı mərhələdə beynəlxalq təşkilatların əsas vəzifəsi Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəliləməsinə dəstək vermək olmalıdır. Region uzun illər davam edən münaqişədən sonra yeni bir dövrə qədəm qoyub. Belə bir vaxtda qarşıdurmanı təşviq edən və ya tərəflərdən birinə təzyiq göstərən qərarlar sülh səylərinə kömək etmir. Əksinə, onlar etimad mühitinin formalaşmasına mane olur və vasitəçilik imkanlarını zəiflədir.
Lakin bu fonda prinsipial mövqe nümayiş etdirən siyasətçilərin olması da diqqətdən kənarda qalmamalıdır.







