İyunun 25-i Aşura günüdür.
EDnews xəbər verir ki, Aşura hicri təqviminin ilk ayı olan məhərrəm ayının 10-cu günü qeyd edilir.
Azərbaycanda Aşura günündə ənənəvi olaraq qanvermə aksiyaları keçirilir. Bu il də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Gənclər Fondu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Respublika Qan Bankı, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kolleci, Milli QHT Forumu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Könüllü Təşkilatları İttifaqının iştirakı ilə Aşura günündə keçiriləcək aksiyaya könüllü şəxslər və ictimaiyyət nümayəndələri qatılacaqlar.
Qanvermə aksiyasının keçirilməsində əsas məqsəd Aşura ilə bağlı bəzi yanlış təsəvvür və adətlərin aradan qaldırılmasına, bu günün mahiyyətinin düzgün izahına, dini mərasimlərin xeyirxahlıq, yardımlaşma, insanpərvərlik dəyərləri əsasında təşviqinə töhfə vermək, eyni zamanda, sosial məsuliyyət hissini gücləndirməkdir.







