Goranboy rayonunun icra başçısı Məhərrəm Quliyev Azərbaycanın Milli Qəhrəmanları Maşallah Abdullayev və Məhəmməd Həsənovla rayon İcra Hakimiyyətində işgüzar görüş keçirib.
Eurasia Diary xəbər verir ki, bu barədə Goranboy Rayon İcra Hakimiyyətinin feysbuk səhifəsində məlumat verilib.
Xatırladaq ki, Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev bir neçə gün öncə “modern.az” saytına açıqlamasında icra başçısının işini müsbət qiymətləndirsə də, onunla görüşməməyindən narazılıq etmişdi.
“Artıq 6 aydır ki, yeni icra başçısı Goranboya təyin olunub, lakin mən hələ onunla görüşməmişəm. Belə ismarıc da göndərmişəm ki, vaxtı olanda məni qəbul eləsin. Lakin bir ağsaqqal, Milli Qəhrəman kimi məni yanına çağırıb, söhbət eləmir. Gərək danışanda doğrunu deyəsən, Məhərəm müəllim Goranboya gələndən rayonun küçələri təmir olunur, müəyyən işlər görülür”, - deyə Milli Qəhrəman bildirib.
Qeyd edək ki, Goranboydan olan digər Milli Qəhrəman Məhəmməd Həsənov da başçının qəbulunda olmadığını demişdi.
Görünür Maşallah Abdullayevin bu narazılığından sonra icra başçısı hər iki Milli Qəhrəmanla görüşməyə qərar verib.