Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Bişkekdə Qırğızıstan Azərbaycanlılarının Azəri İctimai Birliyi və TÜRKEL medianın təşəbbüsilə tədbir keçirilib. Tədbirdə mədəni və işgüzar dairələrinin nümayəndələri, Azərbaycan diasporunun fəalları, müxtəlif xalqların nümayəndələri iştirak ediblər.
Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad olundu. Sonra Qırğızıstanın və Azərbaycanın Dövlət himnləri səsləndirildi. Tədbiri giriş sözü ilə açan Qırğızıstan Azərbaycanlılarının AZƏRİ İctimai Birliyinin sədri, əməkdar hüquqşünas Əzizağa Əliyev mərasim iştirakçılarına bayram münasibətilə xoş arzularını bildirdi.
Əzizağa Əliyev həmvətənlərimizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü münasibətilə təbrik edib, xalqımıza və Azərbaycan dövlətinin başçısına möhkəm cansağlığı, sülh, xoşbəxtlik və firavanlıq dilədi. Natiq 30 ildən bəri davam edən Qarabağ məsələsinin 44 gün içərisində dünya Azərbaycanlılarının Prezidenti İlham Əliyevin məqsədyönlü, taktiki və siyasi uzaqgörənliyi sayəsində Azərbaycanın qələbəsinin başa çatdığını vurğuladı.
Qırğızıstan Xalqları Assambleyası Şurasının sədri, Qırğız Parlamentinin keçmiş rəhbəri, akademik Abdıqanı Erkebayev çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü və həmrəylik günü münasibətilə Qırğızıstandakı azərbaycanlıların timsalında bütün Azərbaycan xalqını təbrik etdi. Azərbaycanın müstəqilliyinin yenidən bərpası dönəmində Ümummilli lider Heydər Əliyevin siyasətini inamla davam etdirən İlham Əliyevin böyük təcrübəyə malik bir dövlət xadimi olduğunu bildirdi. Eyni zamanda Azərbaycanın sürətlə inkişafı yolunda, xüsusilə torpaqlarının işğaldan azad olunması istiqamətində diplomatik təcrübəsinə arxalanan İlham Əliyevin böyük nüfuza malik olmasını söylədi və “Xoşbəxt xalqsınız ki, belə lideriniz var” dedi.
Qırğızıstan baş nazirinin müavini Ravşan Sabirov da çıxışında İlham Əliyevi doğum günü və qazandığı tarixi qələbə münasibətilə təbrik etdi. Qırğızıstan Azərbaycanlılarına həmrəylik və Birlik yolunda uğurlar dilədi.
Tədbirdə iştirak edən Qırğızıstan Xalqları Assambleyasının üzvləri olan Ahıskalı Türklərin, Uyqur, Tacik, Əfqan diaspora rəhbərləri də bu gün münasibətilə təbriklərini çatdırdılar.
Azərbaycan icması təmsilçiləri də bayram münasibətilə ürək sözlərini söylədilər.
Əzizağa Əliyev bir daha çıxış edərək, Azərbaycanın əzəli torpaqlarının qaytarılmasında başda prezident Rəcəp Tayyip Ərdoğan olmaqla qardaş Türkiyə xalqının siyasi və mənəvi dəstəyinin çox mühüməhəmiyyətə malik olduğunu dedi, təşəkkürlərini bildirdi. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün rolunu və əhəmiyyətini vurğulayaraq ölkəmizdə həyata keçirilən islahatlardan danışdı.
AZƏRİ İctimai Birliyinin möhtərəm Prezident İlham Əliyevin doğum gününə hazırladığı tortu Qırğızıstan baş nazirinin müavini Ravşan Sabirov, Abdıqanı Erkebayev, professor Zakir Qəmərli və Əzizağa Əliyev kəsərək tədbir iştirakçılarına təqdim etdilər.
Diasporun üzvləri Azərbaycanlı xanımlar həkim Zemfira Qafarova, məktəb direktoru Flora Xəlilova, kitabxana müdürü Tamila Hacıyeva və TÜRKEL medianın prezidenti Hökümə Xəlilova Qırğızıstan Xalqları Assambleyası tərəfindən “Xalqlar arasında dostluq, həmrəylik, birlik” fəaliyyətlərinə görə Qırğız hökumətinin medalı ilə təltif olundular.
Müxtəlif xalqların musiqi çələngindən ibarət bədii proqram da tədbir iştirakçılarının diqqətinə təqdim olundu.
Qonaqlara Azərbaycan milli mətbəxinin yeməkləri də təklif edildi.