44 günlük Vətən savaşında işğaldan azad olunan Qarabağdan didərgin düşən bir milyon qaçqın və məcburi köçkün 30 illik həsrətinə son qoyaraq əzəli torpaqlarına geri qayıdacaq. Hazırda minalardan təmizlənərək yenidən qurulan ərazilərə məskunlaşmaya tezliklə start verilməsi gözlənilir.
Maraqlıdır, qarabağlılar evlərinə qayıdıb orda yaşamaq istəyirlərmi?
Ednews bu səbəblə mədəniyyətimizin beşiyi sayılan Qarabağdan olan tanınmış simalar arasında sorğu keçirib.
Sorğuda iştirak edən müsahiblərimizin maraqlı cavablarını təqdim edirik:
Əslən Şuşadan olan Xalq artisti Flora Kərimova əzəli torpaqlarına qayıtmağın onun ən böyük arzusu olduğunu deyir.

“Buna imkan yaranan kimi inanın sürünə-sürünə gedərəm ora. Bizim ayrı bir yerimiz yoxdur, ata-baba yurdumuza gedib qorxmadan orada məskunlaşacağıq. Çünki bizim nər oğullarımız var. Babamın mülkünü başqa evlə səhv salmaq mümkün deyil. Bizim həyətimizi ermənilər orada yaşayanda beş-altı yerə bölüblər, yerləşmək üçün yuva-yuva tikiblər. Torpaqlar azad ediləndən sonra getdim Şuşanı gördüm. Baba yurdumu tapdım. Bir şuşalı məhləmizə çatanda Qurandan Yasin surəsi oxudu, ağladım, gümanım yox idi. Orada əzizlərimin ruhları ilə danışdım, evin daşlarını öpdüm”,- deyə o, kövrəlib.
İfaçı qeyd edib ki, babasının evini tapsa da, məzarını tapmaq mümkün olmayıb.
“Babamın qəbri bilmirəm hardadır, ermənilər dağıdıblar. O vaxt cavan idim, başa düşmürdüm, elə bilirdim mənimdir və heç kim əlimdən almaz”.
Xalq artisti Akif İslamzadə isə Ağdama səfər etmək istədiyini qeyd edib.

“Ağdama səfər etmək istərdim. İnşallah bizə nəsib olmasa övladlarımıza qismət olar. Bu yaxınlarda dostlarım Ağdama gedib, deyirlər çox pis vəziyyətdədir. Ağdam sənaye şəhərindən ruhlar diyarına çevrilib”.
Xalq artisti, xanəndə Mənsum İbrahimov düşünür ki, ürəyi Qarabağla döyünən bütün insanlar ora geri qayıdacaq.

“Mən Bakıya işğaldan əvvəl gəlmişəm. Bizim kəndimiz, Ağdamın İmamqulubəyli kəndi işğal olunmayıb. Mədəni tədbirlər, müsabiqələr və festivallarla əlaqədar layihələrimizdə iştirak etməyə hər zaman kimi hazırıq. 30 ildir onun həsrətin çəkmişik. Qarabağ cənnətdir, ora kim getməz ki. Onsuz da ayda bir dəfə bir ayağım ordadır. Müharibə vaxtı da gedib-gəlirdim. Ora bizim vətənimizdir, çox müqəddəs torpaqdır,hər qarışında igidlərimizin qanı tökülüb”.
Əməkdar artist, xanəndə Təyyar Bayramov isə deyib ki, bir xalq olaraq kiçiyindən tutmuş yaşlı nəslə kimi 30 illik bir arzusudur.

“Əlbəttə qayıdacağıq, ata-baba yurdumuzdur”.
Gülnar Səlimova