“Qanunda müsbət dəyişikliklər ediləndən sonra 5 uşağa olan valideynlərin vaxtından əvvəl pensiya hüququ tanınacaq”.
Bu sözləri Ednews-a iqtisadçı Pərviz Heydərov millət vəkili Əli Məsimlinin Milli Məclisin iclasında Əmək pensiyaları haqqında qanun layihəsi ilə bağlı səsləndirdiyi fikirlərini şərh edərkən bildirib.
İqtisadçının sözlərinə görə, 20 min nəfəri yaxın vətəndaş qanuna ediləcək dəyişikliklərdən faydalana biləcək.
“90-cı illərdə mövcud olan qanunvericiliyə görə, 3 uşağa sahib olan qadınlar 51 yaşında təqaüdə çıxa bilirdilər. Amma sonradan aparılan sosial islahatlar nəticəsində bu rəqəm aradan qaldırıldı. Üç övladı olan anaların vaxtından əvvəl pensiyaya çıxmaq hüququ ləvğ olundu. Əhalinin sayının ümumiləşdirilməsi və sosial vəziyyətin normallaşdırılması baxımından çoxuşaqlı valideynlərə daha erkən pensiya yaşına çıxmaq hüququ verilməlidir. Ölkədə sosial və iqtisadi problemlərin olduğu dövrdə bu hüququn tətbiq edilməsi daha məqbuldur”.
Pərviz Heydərov, həmçinin pensiya yaşının azaldılması ilə bağlı irəli sürülən təklifləri müsbət qiymətləndirib.
“Pensiya yaşı ilə bağlı yeni qanun qəbul olunmamışdan əvvəl burada mütləq obyektiv səbəblər nəzərdən keçirməlidir. Bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da pensiya sığortası sistemi mövcuddur. Yəni, vətəndaşın hər ay aldığı məvacibin bir neçə faizi sığorta sistemində toplanır. Vətəndaşa pensiya hüququ verildikdən sonra, illər ərzində toplanan bu məbləğ pensiya adı altında ona qaytarılır. Nəticədə pensiyanın ödənişi dövlət büdcəsinin çiyinlərindən götürülür. Beləliklə, vətəndaş öz gələcək sosial güzaranını özü təmin edir. Bunun üçün əmək haqqı və sosial sığorta faizinin yaksək olması tələb olunur. Ölkəmizdə bu sistemin təkminləşdirilməsi istiqamətində uzun müddət islahatlar aparılır”.
Qeyd edək ki, deputat Əli Məsimli Milli Məclisdə çıxışı zamanı Əmək pensiyaları haqqında qanunda bir sıra dəyişikliklərin edilməsini təklif edib. O, çoxuşaqlı ailələrin sosial rifahının yaxşılaşdırılmasının prioritet məsələlərdən biri olduğunu vurğulayıb. Əli Məsimli həmçinin üç və ya daha çox övlada sahib olan valideynlərin vaxtından əvvəl təqaüdə çıxmasını, eləcədə kişi və qadınların pensiya yaşının azaldılmasını təklif edib.
Yunis Abdullayev