Meşədən tapılan çantalar dəhşətə gətirdi

Meksikanın hakimiyyət orqanları Quadalaxara şəhərinin qərbində yerləşən dərədə içərisində insan qalıqları olan 45 çanta tapıb.

Ednews BBC-ə istinadən xəbər verir ki, qalıqlar arasında kişilər və qadınlar var və meyitlərin sayı hələlik məlum deyil. Ərazinin çətin olması və zəif işıqlandırma səbəbindən axtarışların bir neçə gün davam edəcəyi gözlənilir.

Qərbi Xalisko əyalətinin prokurorluğu açıqlamasında bildirib ki, yeddi nəfərin axtarışı ilə bağlı xəbərdən sonra onlar Mirador del Boske dərəsində axtarışa başlayıblar və orada bədən hissələrinin olduğu çantalar tapılıb.

“Yanğınsöndürənlər və mülki müdafiə qüvvələri polis və helikopter ekipajı ilə birlikdə qalıqları çıxarmaq üçün iş aparırlar. İlk çanta mayın 30-da tapılıb”.

Ölənlərin kimliyi və ölüm səbəblərini müəyyən etmək üçün istintaq işləri davam etdirilir.

Aysel Şahmar