İnterpol Monakoda ukraynalı biznesmen Vadim Yermolayevə qarşı sui-qəsd cəhdində əsas şübhəli bilinən şəxsin adını açıqlayıb.
EDnews xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.
Məlumata görə, əsas şübhəli Ukrayna vətəndaşı Anastasiya Berezovskayadır. İnterpol artıq onun barəsində beynəlxalq axtarış elan edib.
Nəşrin məlumatına əsasən, təxminən 30 yaşında olan və hazırda Almaniyada yaşadığı bildirilən qadın Monakoda ukraynalı oliqarx Vadim Yermolayevin evinin qarşısında partlayıcı olan bağlama qoymaqda şübhəli bilinir.
Monako prokurorluğu iyulun 2-də əsas şübhəlinin həbsinə sanksiya verib. Bildirilib ki, İnterpol tərəfindən onun barəsində “qırmızı bülleten” dərc olunub.
Qeyd edək ki, hadisə zamanı qadın qara papaq geyinib və üzünü gizlətməyə çalışıb.
Bu səbəbdən ilkin mərhələdə şübhəlinin kişi olduğu ehtimal edilib.
Araşdırma davam edir. Fransa hüquq-mühafizə orqanları hücumun bütün mümkün iştirakçılarını və partlayışın təşkil olunma şəraitini müəyyənləşdirməyə çalışır.
Xatırladaq ki, iyunun 29-da Monte-Karloda yaşayış binasının yaxınlığında partlayış baş verib. Hadisə nəticəsində biznesmen Vadim Yermolayev, onun müşayiətçisi və 13 yaşlı oğlu xəsarət alıb.






