Litva Seymində ölkə ərazisində nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanın ləğvini nəzərdə tutan qanun layihəsi qeydiyyata alınıb.
EDnews xəbər verir ki, bu barədə TASS Litva parlamentinin katibliyinə istinadən məlumat yayıb.
Məlumata görə, qanun layihəsi 50 deputatın imzası ilə dəstəklənib. Bu say layihənin parlamentdə qeydiyyata alınması üçün kifayət edib.
Qanun layihəsinə əsasən, Litva Konstitusiyasından ölkə ərazisində kütləvi qırğın silahlarının, o cümlədən nüvə silahının yerləşdirilməsini qadağan edən 137-ci maddənin çıxarılması təklif olunur.
Bundan əvvəl Litva Prezidenti Gitanas Nauseda hökumət başçısı, müdafiə naziri, Seymin sədri və parlament fraksiyalarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Müşavirə iştirakçıları sözügedən konstitusion qadağadan imtina niyyətini dəstəkləyiblər.
Konstitusiyaya dəyişiklik edilməsi üçün Seym üç aylıq fasilə ilə iki dəfə səsvermə keçirməlidir. Dəyişikliyin qəbul olunması üçün 141 deputatdan ən azı 94-nün dəstəyi tələb olunur.






