Oktyabrın 26-da Ermənistan Prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanına işgüzar səfər edib. Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Pakistanla yanaşı Səudiyyə Ərəbistan da Azərbaycan ərazilərinin işğal edilməsinə görə uzun illər Ermənistanla diplomatik münasibətlər qurmayıb. Ancaq 2018-ci ildə etibarən, Səudiyyə rəhbərliyi diplomatik əlaqələr qurmadan və dövlət müstəqilliyini tanımadan Ermənistan rəhbərliyinə müstəqillik günündə məktub ünvanlayıb.
Bu baxımdan, Sarkisyanın səfərinin tarixi addım adlandırılması həqiqətdir. Azərbaycan ordusunun Qarabağı erməni işğalından azad etdikdən və münaqişəyə son qoyduqdan sonra Səudiyyə rəhbərliyi Ermənistanla bağlı xarici siyasətdə dəyişikliklər etmək qərarına gəlib.
Ortaya bəzi maraq doğuran suallar çıxır: Qarabağ münaqişəsinin bitməsinə baxmayaraq Ermənistan və Azərbaycan arasında problemlər həll olunmamış qalmaqdadır. Azərbaycanın müttəfiqi olan Türkiyə bu baxımdan Ermənistanla diplomatik münasibətləri qurmağa tələsmir və hər şeyi İrəvanla Bakının arasında əldə olunacaq razılaşmalara bağlayır. Lakin Səudiyyə Ərəbistan bu məsələdə fərqli addım atmaqda qərarlıdır.
Ümumiyyətlə, Ər-Riyad üçün Ermənistan nə dərəcə önəmli ola bilər? İki ölkə arasında münasibətlərin qurulması planının arxasında hansı məqsədlər dayanır? İki ölkə arasında əlaqələrin yaranması Azərbaycan–Səudiyyə Ərəbistan əlaqələrinə təsir edə bilər?
Məsələ ilə əlaqədar EDNews.net-ə açıqlama verən politoloq Mətin Məmmədli Ermənistan Prezidentinin Armen Sarkisyanın Səudiyyə Ərəbistana səfərini iki ölkə arasında buzların əriməsi kimi hesab edib.
“Ermənistan Prezidenti Armen Sarkisyanın Səudiyyə Ərəbistana səfərini iki ölkə arasında buzların əriməsi kimi qiymətləndirirəm. Hesab edirəm ki, yaxın gələcəkdə Ər-Riyad və Yerevan arasında diplomatik münasibətlər qurulması və bu istiqamətdə işlərin görülməsi ehtimalı ola bilər. Bildiyimiz kimi, indiyə qədər Ermənistan və Səudiyyə Ərəbistan arasında diplomatik münasibətlər və təmaslar olmayıb. Əsas səbəb isə Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpaqlarını işğal etməsidir. İşğal faktoruna görə Türkiyə və Pakistanla bərabər Səudiyyə Ərəbistan da Ermənistanla diplomatik münasibətlər qurmayıb”, - deyə Məmmədli qeyd edib.
“Bəzi ekspertlər hesab edir ki, Qarabağ münaqişəsi bitdiyinə görə, Ər-Riyad Ermənistanla diplomatik əlaqələrin qurulmasının vaxtının gəldiyini düşünür. Əlbəttə, bir dövlətin digər dövlətlərlə münasibətlər qurması və inkişaf etdirməsi onun suveren hüququdur və heç kəs buna qarışa bilməz. Lakin burada bəzi məqamları nəzərə almaq lazımdır. Ermənistan və Azərbaycan arasında sülh tam şəkildə bərqərar olunmayıb və iki ölkə arasında ciddi problemlər qalmaqdadır. Belə olan təqdirdə Türkiyə və Pakistan Ermənistanla münasibətlər qurmağa tələsmir. Ancaq Ər-Riyad bu məsələdə fərqli mövqedədir”, - deyə o əlavə edib.
Politoloq bir məqamı da qeyd edib ki, Səudiyyə Ərəbistan və Ermənistan yaxınlaşmasında Türkiyə faktoru da ola bilər. Onun fikrinə görə, son on ildə Ankara və Ər-Riyad arasında münasibətlər o qədər də ürəkaçan deyil.
“Səudiyyə Ərəbistanın Ermənistanla diplomatik münasibətlər qurmasının arxasında əsas səbəb Türkiyə amili də ola bilər. Bildiyimiz kimi, Türkiyə və Səudiyyə Ərəbistan Yaxın Şərq regionunda bir-birinə iki rəqib ölkələrdir. 2010-ci ildən başlayaraq Ankara və Ər-Riyadın bir çox regional məsələlərdə maraqları toqquşmağa başlayıb. Bu da iki ölkə arasında münasibətləri gərginləşdirib. Belə olan təqdirdə son ildə Ər-Riyad Ermənistanla bağlı siyasətində dəyişikliklər etməyə başlayıb. Xatırladaq ki, 2018-ci ildə Səudiyyə Ərəbistanın Kralı və şahzadə Məhəmməd Bin Salman Ermənistanın müstəqilliyi ilə əlaqədar Ermənistan rəhbərliyinə təbrik məktubu göndərmişdi”, - deyə Məmmədli bildirib.
Səudiyyə Ərəbistanın Ermənistan üçün nə qədər əhəmiyyət daşıdığına toxunan Mətin Məmmədli Səudiyyə Ərəbistanı iqtisadi və maliyyə cəhətdən regionun potensial gücə malik olan ölkə hesab edib.
“Ermənistanın Səudiyyə Ərəbistanla diplomatik münasibətlər qurmasında əsasən siyasi və iqtisadi maraqlar var. Ona görə ki, Səudiyyə Ərəbistan İslam aləminin, eləcə də ərəb coğrafiyasının və Orta Şərqin aparıcı dövlətlərindən biridir. Ər-Riyadın kifayət qədər kapitalı və sərvətləri var. Təsadüf deyil ki, Ermənistan Prezident administrasiyasının bəzi rəsmiləri Prezident Armen Sarkisyanın Səudiyyə Ərəbistanına səfərini Ermənistan diplomatiyasında dönüş nöqtəsi kimi səciyyələndirirlər. Bu onu göstərir ki, Ermənistan Ər-Riyad ilə əlaqələrə xüsusi önəm verir”, - deyə Məmmədli vurğulayıb.
Sonda politoloq Səudiyyə Ərəbistanı–Ermənistan əlaqələrinin Azərbaycan üçün heç bir təhlükəli xarakter daşımayacağını bildirib: “Səudiyyə Ərəbistan və Ermənistan arasında münasibələrin qurulmasında ölkəmizə qarşı heç bir təhlükəli addım olmayacaq. Hesab edirəm ki, Ər-Riyad və Yerevan arasında diplomatik proseslərə Azərbaycan tolerant münasibət nümayiş etdirəcək. Eyni zamanda Azərbaycan öz mövqeyini diplomatik yolla Ər-Riyada bildirməlidir. Ona görə ki, Yerevan və Ər-Riyad arasında əlaqələrin qurulması Azərbaycan – Səudiyyə Ərəbistan münasibətlərinə mənfi təsir etməməlidir”.
Yunis Abdullayev