İki nəhəng güc, Çin və ABŞ yeni soyuq müharibənin astanasındadır. Bunu Çinin prezidenti Xi Cinpinq ötən gün bəyanatında deyib. O, müttəfiqlərə “regionda birləşməyin artıq vaxtı gəlib”- mesajını verərək, “soyuq müharibə erası”na yol verilə bilməz", - deyə ABŞ-a eyham vurub.
Xatırladaq ki, Çinlə ABŞ arasında uzun zamandan bəri mövcud olan kəskin rəqabət münasibətlərdə gərginliyə doğru istiqamət almağa başladı. Bu cür münasibət daha çox pandemiyadan sonra, Tramp dönəmində qarşı tərəflərin bir-birini ittiham etməsi ilə ortaya çıxdı. Baydenin hakimiyyətə gəlməsindən sonra isə gərginlik əsasən, Çinin öz ərazisi kimi iddia etdiyi Tayvan adasındakı hərbi əməliyyatları gücləndirməsindən sonra artmağa başladı.
Hazırki prosesdə silahlı müharibədən çox, iqtisadi savaşa girən iki super güclər münasibətlərin ən pik nöqtəsinə yaxınlaşmaqdadır. İqtisadi cəhətdən nəhəng sayılan və hətta bəzi ekspertlərin fikrincə nömrə 1 olan Çin, keçmiş praktikalara əsaslanaraq, bu cür soyuq müharibənin ona xeyir gətirməyəcəyini artıq öncədən görməyə başlayır. Bəli, praktika dedikdə, XX əsrin son onilliyində Sovetlərin necə dağılmasını şübhəsiz ki, Çin yaxşı bilir.
Lakin qarşı tərəf bir qədər israrlıdır və sual yaranır, görəsən, ABŞ bu cür müharibəyə necə davam gətirə biləcək, yaxud da Çin ABŞ-a onun bu istəyi qarşısında hansı formada cavab verəcək?
Azərbaycanlı siyasi analitik Teymur Qasımlı yaranan suallarla bağlı EDNews.net-ə açıqlama verib.
“İlk öncə deyim ki, ABŞ-la Çin arasında münasibətlər tarix boyu normal olmayıb. Çinlilərin hətta belə bir məsəli var: Yaxın düşmənim Yaponiyadırsa, uzaq düşmənim ABŞ-dır. ABŞ və Avropa hələ XIX əsrdə Çinə qarşı işğalçı siyasət yürütməklə, Çin hökmdarı qarşısında öz istəklərini zorla qəbul etdirmişdi. Sonradan İkinci Dünya müharibəsindən sonra Çin-ABŞ münasibətləri 1970-ci illərə qədər son dərəcə pis oldu. Hətta buna acıq olaraq, ABŞ, Çin ərazisində yerləşən Tayvan adasına müstəqil dövlət statusu verilməsinə dəstək göstərdi.
Lakin hazırki duruma gəldikdə, mən düşünmürəm Çinlə ABŞ soyuq müharibəyə girsinlər. Məncə pərdəarxası təmaslarla gərginlik balanslaşdırılır”.
Teymur Qasımlı ABŞ-ın Çinlə soyuq müharibə etməkdə israrlı olmasının səbəbi ilə də bağlı fikir bildirib. O, həmçinin buna qarşılıq olaraq, Çinin reaksiyasına da toxunub.
“Düşünürəm ki, ABŞ-ın Çinlə olan münasibətindəki gərginlik daha çox Rusiya ilə bağlıdır. Çinin Rusiya ilə yaxınlaşması və onun maraqlarına qarşı Rusiya ilə birgə fəaliyyəti ABŞ-ı son dərəcə qıcıqlandırır.
Çinə gəlincə isə deyə bilərəm ki, Çin hər zaman ABŞ-a qarşı təmkinli siyasət aparıb. Burada yüngül silahlı insident xaric, böyük bir müharibədən söz gedə bilməz.
İqtisadi müstəvidə ABŞ-Çin qarşıdurmasının yarana bilməsi isə tam real görünmür. Çünki ABŞ-ın hazırda Çində bir çox şirkətləri mövcuddur, eynilə də, Çinin ABŞ-dan müəyyən qarşılıqlı asılılıqları var. Hesab edirəm ki, ABŞ-la Çin arasında iqtisadi sahədə gedən soyuq müharibə ilk növbədə iki dövlətin özünə ziyan vura bilər. Belə olmasını ABŞ-dan daha çox Çin istəməz. Bu səbəbdən də hazırki prosesdə mən Çinlə ABŞ arasında soyuq müharibə görmürəm”.
Elnur Ənvəroğlu