Rusiyanın şərqi Avropadakı hərbi fəaliyyətləri Qərbi son dərəcə qıcıqlandırmağa başlayıb. Həm Ukrayna sərhədlərindəki gərginlik, həm də son günlər Avropanın Rusiya ssenarisi kimi qələmə verdiyi qaçqınlarla bağlı Belarus və Polşa sərhədlərindəki insidentlər qarşı tərəfi bir qədər də hiddətləndirib.
Ötən gün Britaniya ordusunun komandiri general Nik Karter Rusiyaya qarşı yeni müharibənin qaçılmaz vəziyyətə gəldiyindən bəhs edib.
“Britaniya Rusiya ilə müharibəyə hazır olmalıdır,” deyə general vurğulayıb. O qeyd edib ki, Rusiya şərqi Avropada böyük təhdidə çevrilib, lakin o, düşünmür ki, bu onu Qərbə qarşı isti müharibəyə cəlb edir.
Generalın fikrincə Rusiya müharibə alovunu səkkiz il əvvəl şərqi Avropadakı işğalçılıq siyasəti zamanı körükləyib: “Biz Rusiya ilə müharibə etmək istəməzdik, lakin onlar fərqində deyillər ki, ölkə müharibənin astanasındadır. Hesab edirəm ki, NATO qüvvələri buna hazır olmalıdır”.
General Belarusla Polşa arasında qaçqın problemlərinə də toxunub. O, yaşanan insidenti Rusiyanın Avropaya qarşı hazırladığı bir ssenari adlandırıb.
Beləliklə Rusiya və Qərb münasibətləri ən gərgin nöqtəyə çataraq, sonda Britaniyanı müharibə ilə bağlı həyəcan təbilini çalmağa vadar edir.
Məsələ ilə bağlı EDNews.net-ə açıqlama verən Britaniyalı jurnalist Neyl Uatson ilk öncə tərəflər arasında hazırki münasibətlərə, eləcə də müharibənin nə dərəcədə real olma ehtimalına toxunub.
“Mən qeyd etmək istərdim ki, hər iki tərəf hazırda bir-birinə əzələ nümayiş etdirir. Amma əminliklə deyə bilərəm ki, Britaniya müharibənin baş tutmasının tam əleyhinədir. Çünki burada xalq etirazları və hökumətin böhrana yuvarlana bilmə məsələsi ön planda dayanır. Bilirsiniz ki, ölkədə uzun sürən pandemiya həm iqtisadiyyatı, həm də sosial vəziyyəti kritik vəziyyətə gətirdi. Bunun üzərindən Britaniyanın yeni müharibəyə hazırlaşması heç də məntiqə uyğun görünə bilməz”.
Jurnalist həmçinin məsələyə xarici siyasət prizmasından da yanaşıb.
“Britaniya əzəl dövrdən ABŞ-ın ən yaxın müttəfiqi olub. Müharibə olarsa belə, burada ən yaxın tərəfdaş ABŞ olacaq. Təbii ki, son zamanlar ABŞ-la Fransa da arasında bir qədər yumşaq siyasət yaranmağa başlayıb. Almaniyanın isə belə bir qarşıdurmada iştirak etməsi gözlənilmir. Çünki onun qaz siyasəti ilə bağlı mövqeyi bəllidir”.
Neyl Uatson müharibə olacağı təqdirdə qarşı tərəfdən gözlənilə bilən təhlükəli nüansları da qeyd edib.
“Britaniya Rusiyanın Sibir bölgəsində gizli nüvə silahlarının olmasından şübhə edir. Bu isə bütün Avropa üçün böyük bir təhlükə hesab edilə bilər. Rusiyanı tam öyrənmədən onunla müharibəyə girmək ölümcül bir addım ola bilər. Britaniya isə bunu çox yaxşı başa düşür. Mən hesab edirəm dövlətin üst qurumları nə qədər pafosla müharibədən bəhs etsələr də, kütləvi etirazlar buna yol verməyəcək”.
Elnur Ənvəroğlu