ABŞ-ın New York Times qəzetinin yaydığı məlumata görə, Rusiya tezliklə Ukraynaya qarşı hərbi əməliyyatlara başlamağa hazırlaşır. ABŞ kəşfiyyatı da avropalı müttəfiqlərinə xəbərdarlıq edərək, Rusiyanın yaxın zamanda Ukrayna ərazisinə müdaxilə edəcəyini bildirib.
Vaşinqtondakı mənbələr müdaxilənin həyata keçirilməsi üçün Moskvanın havaların soyumasını gözlədiyini bildirilər. ABŞ bu plana mane olmaq üçün təcili hərəkətə keçməyin vacibliyini vurğulayıb.
Eyni zamanda, Ukrayna Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat idarəsi Rusiyanın Ukrayna sərhədinə 100 minə yaxın qoşun və xeyli sayda hərbi texnika yığdığını təsdiqləyib. Hərbi Kəşfiyyat idarəsinin məlumatına görə, 2022-ci ilin yanvar ayının sonunda Rusiya ordusunun Ukraynaya müdaxiləsi gözlənilə bilər.
Sosial şəbəkələrdə yayılan videolar Rusiya ordusunun Ukrayna ilə sərhəddə yerləşən Voronej vilayətində minlərlə tank və zirehli texnika yığdığını aydın şəkildə sübut edir.
Region ilə əlaqədar digər vacib məqam isə Rusiyanın Ukraynanın şərq ərazilərində geostrateji maraqlarını əks etdirən məruzənin hazırlanmasıdır. Məruzəyə görə, Rusiya Şərqi Ukrayna vasitəsiylə Krıma dəhliz açmaq niyyətindədir. Moskva Krım əhalisini şirin su ehtiyatları təmin etmək və bu regionu qorumaq üçün Ukraynanın şərq ərazilərində bufer zonanın formalaşdırılmasını planlaşdırır.
Ümumiyyətlə, Rusiyanın yaxın gələcəkdə Ukrayna ərazisinə hərbi müdaxilə ehtimalı ilə bağlı yayılan xəbərlər nə dərəcədə həqiqəti əks etdirə bilər? Rusiyanın Ukraynaya müdaxilə etdiyi təqdirdə Avropa hansı təhlükələr ilə üz-üzə qalacaq? Bu halda ABŞ və Avropa Rusiya qarşı hansı adekvat tədbirləri görəcəklər?
Məsələ ilə əlaqədar EDNews.net-ə açıqlama verən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Ukrayna ordusunun Donbasda separatçılara qarşı hərbi əməliyyatlar həyata keçirməsi Rusiyanı qıcıqlandırır. Ekspert qeyd edir ki, Moskvanın Ukraynanı içəridən parçalamaq niyyəti var.
“Ukrayna öz ərazi bütövlüyünü təmin etmək istəyir. Buna görə də Donbas bölgəsində separatçılara qarşı vaxtaşırı hərbi əməliyyatlar həyata keçirir. Rusiya isə bu əməliyyatlardan narahat olduğundan Ukrayna ilə sərhəd ərazilərə qoşun toplayır. Moskva Ukrayna üzərində psixoloji təzyiqi artırır. Bununla bərabər, Kreml rəhbərliyinin Ukraynanı parçalamaq planları var. Rusiyanın bu planı altı il öncə də gündəmdə idi. Bu plan vasitəsiylə Moskva Krımı ilhaq etdi və Donbasda isə separatçı bölgə yaratdı”, - deyə Şahinoğlu qeyd edib.
Elxan Şahinoğlu Rusiyanın böyük müdaxiləsinin hər zaman mümkün olduğunu qeyd edib: “On il bundan qabaq heç kəs Rusiyanın Krımı ilhaq edəcəyinə və Donbasda separatçılıq yaradacağını inanmırdı. Amma Kreml bunları həyata keçirə bildi. İndi də kimsə deyirsə ki, Rusiya Ukraynaya girə bilməz, 2014-cü ili yada salsın”.
Rusiya ordusunun Ukraynaya hərbi müdaxilə etdiyi təqdirdə Avropanın Rusiya qarşı hansı tədbirlərə görəcəyinə toxunan politoloq Avropa ölkələrinin Rusiya ilə hərbi qarşıdurmaya birbaşa girməsini qeyri-mümkün hesab edib.
“Əlbəttə, Rusiya ordusu Ukraynaya müdaxilə edərsə, Avropa ölkələri Ukraynaya dəstək verəcək. Lakin onların Ukraynanı hərbi müdaxilədən qoruyacağını söyləmək çətindir. Avropa ölkələri Rusiya ilə müharibəyə girişə bilməz. Avropa yalnız müharibənin qarşısını almaq üçün Rusiyaya qarşı təzyiqləri sərtləşdirə bilər”, - deyə Şahinoğlu bildirib.
Rusiyanın Krımla bağlı gələcək planlarına gəldikdə isə politoloq Rusiya ordusunun Krımda məskunlaşan etnik rusların su ehtiyatlarını və təhlükəsizliyini bəhanə gətirərək Krım üzərindən hərbi əməliyyatlar keçirməsini mümkün hesab edib.
“Bildiyimiz kimi, Krım yarmadadır. Bu bölgənin Rusiya ilə quru əlaqəsi yoxdur, lakin Ukrayna ilə var. 68 il bundan qabaq Krım Ukraynaya verilməklə bu bölgənin uzunmüddətli su problemi həll olundu. Lakin 2014-cü ildə Krım Rusiya tərəfindən ilhaq olunduqdan sonra bu bölgədə yenidən su problemi yarandı. Şirin su ehtiyatlarının və təhlükəsizliyin təmin edilməsi üçün Rusiya ordusu Krım üzərindən hərbi əməliyyatlar həyata keçirə bilər. Bunun qarşısının alınması üçün Ukrayna ordusu Krım ətrafında toplanmalıdır”, - deyə Şahinoğlu vurğulayıb.
“Ukrayna öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün mütləq Avropadan dəstək almalıdır. Avropanın Ukraynaya ən böyük dəstəyi Ukraynanı NATO-ya üzv etməkdir. Lakin bu məsələdə Avropa heç bir müsbət addım atması görünmür”, - deyə o əlavə edib.
Qara dənizdə və Şərqi Avropada NATO və Rusiya ordusu arasında geniş-miqyaslı müharibəni mümkünsüz hesab edən Elxan Şahinoğlu ABŞ və Avropanın Rusiyanın regionda təhlükəli addımlarını durdurmaq üçün müəyyən ciddi planlar hazırlayacağını qeyd edib: “Moskva Ukraynaya qarşı müharibəyə başlasa ABŞ və Avropa ölkələri Rusiyaya qarşı daha ciddi sanksiyalar tətbiq etməyə çalışacaqlar. Lakin sanksiyalar Rusiyanı durdurmaq üçün o qədər də güclü müqavimət hesab etmək olmaz”.
“ABŞ-ın Ukraynaya görə Rusiya ilə müharibəyə girəcəyini söyləmək çətindir. Bir məqamı da qeyd edim ki, Rusiya Gürcüstan ərazilərini işğal edəndə və Krımı ilhaq edəndə Amerika Rusiya ilə birbaşa toqquşmaya cəhd etmədi. Çünki Rusiyanın nüvə dövləti olduğu nəzərə alınır. Amma Rusiyanın Ukraynaya növbəti müdaxiləsi zamanı ABŞ və Avropa bu dəfə də neytral qalsalar, bu dünya üçün təhlükələr yaradacaq. Ona görə də Amerika və Avropa Rusiyanı durdurmaq üçün müəyyən ciddi planlar hazırlayacaqlar”, - deyə o əlavə edib.
Sonda politoloq qeyd edib ki, NATO Ukraynanı qorumaq üçün mütləq onu üzvlüyünə qəbul etməlidir. Politoloqa görə, Ukrayna NATO-ya üzv olduğu təqdirdə Rusiyanın təcavüzkar siyasətinin qarşısı alınması mümkün ola bilər.
“Ukrayna illərdir NATO-ya üzv olmağa çalışır. Lakin təəssüf ki, bu məsələ hələdə öz həllini tapmayıb. Amerika bu məsələdə Ukraynanı dəstəkləsə də, Fransa və Almaniya hər zaman bunun əleyhinə çıxırlar. Ona görə də ABŞ Parisə və Berlinə təzyiq etməlidir ki, Ukraynanın NATO-ya üzvlüyünə maneçilik törətməsin. Nə qədər ki, Ukrayna NATO-ya üzv deyil, Rusiya bu ölkə üzərində təhlükə olaraq qalacaq”.
Yunis Abdullayev