Əziz, Şaxta baba, 2024-cü il üçün səndən bir çox istəklərim var. Bilirəm ki, başın çox qarışıqdır. Dünya insanlarından milyonlarla məktub alırsan. Uşaqlarımız nə qədər saf, qar kimi təmiz olsalar da getdikcə sənə inamları azalır. Sənin əfsanələşmiş obrazın onların dillərindən yoxa çıxır. İnernet, sosial şəbəkə dövrünün uşaqları üçün maraqlı olan tək nəsnə ağıllı telefonlar, planşetlərdir. Onlar böyüyəndə yutuber, tik-toker, feysbuk fenomeni olmaq istəyəcəklər.
Əziz, Şaxta baba bu ayın sonunda qızımın məktəbində uşaqlar üçün Şaxta baba olacam. Səni yamsılamağa çalışacam. Bu həyatımda ilk dəfə olacaq. Sənin kimi davranmaq, höö-höö kimi səslər çıxartmaq, ucadan danışmaq lazım gələcək. Uşaqları sevindirmək naminə sən olacam. Bircə ehtiyat etdiyim məsələ bilirsən nədir, uşaqların arasında yeganə qızım biləcək ki, mən əsl Şaxta baba deyiləm. Bəlkə də qızım bu həqiqətdən sonra bir neçə yaş daha tez böyüyəcək.
Nəysə, gələk istəklərimə. Hamısını sıralamışam:
1. Ən birincisi quru yolların açılmağıdır. Çünki uşaqlığımın sehrli şəhəri Tiflis üçün çox darıxmışam.
2. Yeni ildən sonra sevdiyim sahədə irəliləmək və uğur qazanmaq istəyirəm.
3. Bir müddətlik dünyada internetin kəsilməyini istəyirəm.
4. Yanvar ayında Bakıda doyunca qar yağmasını istəyirəm.
5. Yaxınlarım üçün bu il ürəklərincə keçməsi diləyirəm.
Şaxta baba əslinə qalsa sənə bir kitablıq istəklərimi yazaram. Ya da özün gəlsən bizə, dərdləşərdik. Mən danışardım, sən dinləyərdin. İndi getməliyəm, redaktor təcili məni çağırır. Danışdıqlarımızı unutma!