Mumiyalamanı bu emalatxanada edirdilər

Misirdə qədim mumiyalama emalatxanası aşkar edilib.

Ednews “Al Jazeera”media şəbəkəsinə istinadən xəbər verir ki, Misir Turizm Nazirliyinin verdiyi məlumata görə, Saqqara bölgəsində ilk dəfə qədim dövrə aid iki böyük mumiyalama emalatxanası tapılıb.

Aşkar edilmiş iki emalatxana 30-cu firon sülaləsinin sonu və Ptolemey dövrünün əvvəllərinə aiddir. Arxeoloji qazıntılar zamanı Köhnə və Yeni Krallıq dövrlərinə aid iki məzar da üzə çıxarılıb.

Çiy kərpicdən düzbucaqlı formada tikilən emalatxana cansız insan və heyvan bədənlərini mumiyalamaq üçün iki çarpayıdan ibarət bir neçə otağa bölünüb. Emalatxananın içərisində mumiyalama prosesində istifadə olunan qablar və bəzi ritualları yerinə yetirmək üçün alətlər, həmçinin çoxlu miqdarda kətan parça, qara qətran və saxsı qablar tapılıb.

2020-ci ildə Saqqarada Son Firon dövrünə aid 100-dən çox qapalı taxta tabut və 40 tanrı heykəli aşkar edilib. Keçən il qazıntılar zamanı isə bölgədə bürünc heykəllərin ilk və ən böyük anbarı tapılıb. Orada 250 qapalı rəngli taxta tabutdan əlavə, 150 qədim Misir tanrısı heykəlləri olub.

Saqqara bölgəsi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Memfis qəbiristanlığının ən mühüm hissələrindən biridir.

 

Törə Zeynal