“Düşünürəm ki, növbəti il Azərbaycan iqtisadiyyatına 3-4 faizə qədər artım, inkişaf müəyyən oluna bilər. Belə ki, bəzi iqtisadi göstəricilər bunu deməyə əsas verir”.
Bu sözləri Ednews-a açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli 2024-cü ildə Azərbaycan iqtisadiyyatı mövzusunda fikir bildirərkən deyib. Onun sözlərinə görə, gələn ilin büdcə gəlirlərində artım nəzərdə tutulub.
“Həmçinin inflyasiyanın sabitləşməsi və ötən illə bu ilin müqayisə təhlili onu deməyə əsas verir ki, gələn il iqtisadiyyatda inflyasiya hədləri daha sabit olacaq. Geniş və böyük qiymət artımı müşahidə edilməyəcək. İqtisadi sabitlik təmin olunduqda insanların maddi rifahında da öz əksini tapacaq. Digər tərəfdən növbəti ildən pensiyaların, maaşların, məvaciblərin 10 faiz artması nəzərdə tutulur. Sözsüz ki, bu hal ölkə iqtisadiyyatına əlavə vəsaitin daxil olmasına səbəb olacaq. Bu da müəyyən formada iqtisadi artımı təmin edəcək, eyni zamanda insanların sosial tələblərini əhatə edəcək”.
Ekspert bundan başqa bildirdi ki, orta əmək haqqının da artımı gözlənilir:
“Bu əslində insanların gəlirlərinin artmasına gətirib çıxaracaq. Həmçinin neft-qaz gəlirləri və alternativ bərpa olunan enerjinin inkişaf etdirilməsi ölkəmizin enerji gəlirlərinin artmasına, o cümlədən qeyri-neft sektorunun da gəlirlərinin artmasına səbəb olur. Digər məsələlərdən biri isə Qarabağın iqtisadi zonasını ölkə iqtisadiyyatına inteqrasiyası həyata keçirləcəkdir. Artıq Azərbaycan qələbəsinə nail olub. Quruculuq, bərpa işləri prosesi davam etdirilir. Bu baxımdan hesab edirəm ki, bərpa işləri də öz bəhrəsini verəcək və ölkəmizin kənd təsərrüfatı, loqisitka, qeyri-neft, nəqliyyat sektoru inkişafını da təmin edəcəkdir”.
Oğuz