Bu ilin yanvar-may aylarında Azərbaycanın xəzinədarlıq orqanları 501 mindən çox ödəniş tapşırığı icra edib.
EDnews xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz azdır.
Hesabat dövründə icmal büdcənin gəlirləri 19 milyard 865,3 milyon manat, xərcləri isə 15 milyard 611,5 milyon manat təşkil edib.
Dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz az, proqnoz göstəricisindən isə 1,6 faiz çoxdur.
Dövlət büdcəsinin xərcləri 13 milyard 375,2 milyon manat təşkil edib. Bu göstərici illik müqayisədə 2,3 faiz, proqnozla müqayisədə isə 3,4 faiz az olub.
Nəticədə yanvar-may aylarında icmal büdcədə 4 milyard 253,8 milyon manat, dövlət büdcəsində isə 2 milyard 990,5 milyon manat profisit yaranıb. Dövlət büdcəsinin profisiti ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz azalıb.
Büdcə gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə daxilolmalar 7 milyard 825,3 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 0,2 faiz az, proqnozdan isə 1,7 faiz çoxdur.
Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 milyard 534 milyon manat olub. Bu göstərici illik müqayisədə 2,1 faiz azalsa da, proqnozu 0,4 faiz üstələyib.
İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 22,2 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz, proqnozdan isə 13,3 faiz çoxdur.
Sair daxilolmalar 352,4 milyon manat olub. Bu göstərici illik müqayisədə 38,2 faiz, proqnozla müqayisədə isə 2,8 dəfə çoxdur.
Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 5 milyard 350 milyon manat təşkil edib və proqnoza 100 faiz uyğun icra olunub.
Büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 281,8 milyon manat olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 29,3 faiz, proqnozdan isə 27,2 faiz azdır.






