“3-ü 1-də” adı altında dünyanın hər yerində populyar olan kofenin tərkibində çox şey varmış, təkcə kofe lazım olan qədər deyil. Həmçinin kofenin təkibində vəd olunan südü də tapmaq mümkün olmayıb.
Rusiyada dövlət nəzarəti qurumu olan “Roskontrol”-un apardığı tədqiqatların nəticələri kofe həvəskarlarını dəhşətə gətirib. Təşkilatın saytında yerləşdirilmiş məlumata əsasən, “3-ü 1-də” adı altında satılan kofenin tərkibində praktik olaraq təbii kofe yoxdur.
Dövlət qurumunun mütəxəssisləri «BonCafe Classic», «Petrovskaya Sloboda», “Jacobs”, “Express coffee mix plus+”, “MacCoffee”, “Nescafe Classic” və “Clever” markalı kofe məhsullarını tədqiq ediblər. Məhsullarda əsas inqrediyent şəkərdən ibarət olub. Şəkərin miqdarı bu məhsulların 42 faizindən 72 faizinə qədər dəyişir. Kofenin payı isə 15 faizi aşmır.
“Kofenin özü inqrediyentlərin siyahısında zəif mövqelərdədir. «BonCafe Classic», «Petrovskaya Sloboda» və “MacCoffee The original coffee mix” markalı məhsulların inqrediyent siyahısında isə kofe öz payına görə sonuncu yerdə gəlir”,- deyə tədqiqatla bağlı məlumatda bildirilir.
Bundan başqa, “3-ü 1-də” kofesinin tərkibində süd və ya qaymaq da tapılmayıb, bu məhsulların əvəzediciləri aşkarlanıb. İstehsalçılardan yalnız biri iddia edib ki, onların məhsulunun tərkibində təbii quru süd var, amma tədqiqatlar zamanı bu iddia təsdiqini tapmayıb.
«BonCafe Classic» markasının satışı qadağan edilib, qalan markalara isə iradlar bildirilib və tədbir görülməsi tələb olunub. (Bizimyolinfo.com)