Hər bir millətin özünə xas tarixi, mədəniyyəti, milli-mənəvi, dini dəyərlərinə söykənən fərqli toy adət-ənənələri var. Elə bu səbəbdən də hər bir xalqın özünəməxsus, maraqlı bəzən təəccübləndirən toy qaydaları mövcuddur.
Ednews bu həftə “Onlarda toylar” rubrikasınnda Livan toylarından söz açacaq. Livan son dövrlərdə ən inkişaf etmiş ərəb ölkəsi olmasına baxmayaraq, özünün tarixi, qədim ən-ənəsinə söykənən toy adətlərini qoruyub saxlayır. Ölkənin bir hissəsinin xristian, digər kəsiminin isə müsəlman olduğu bu ölkədə toy qaydaları da dinə görə fərqlənir.
Və "Onların toyları"....
Livanda qızla- oğlanın toya qədər hər hansı bir münasibətdə olması qəti qadağandır. Bu da onların şərq mentalitetinə dayandığını göstərir.
Ölkədə toydan əvvəl mütləq şəkildə nikah müqaviləsi imzalanır. Burada həm oğlan, həm də qız tərəfi şərtlərini irəli sürür və qərar ortaq müzkirə olunaraq imzalanır.
Nişanda oğlan mütləq şəkildə adaxlısının sağ əlinə taxmaq üçün qızıl üzük hədiyyə edir. Çünki Livanda nişanlı qızlar sağ, ərdə olan qadınlar isə üzüyü sol əllərinə taxırlar. Beləliklə, üzüyün hansı ələ taxılması qadının statusundan xəbər verir.
Nişana qədər oğlanla qız yalnız ailəsi və ya yaxınlarının iştirakı ilə görüşüb, söhbət edə bilərlər. Əks təqdirdə onlar böyük bir günaha girdiklərini düşünürlər. Çünki bu şəriyyətdə qadağa sayılır.
Toya qədər ailələr cehizlik işlərini həll edib, bütün qohum-əqrabanın evlərini ziyarət edirlər.
Adətə görə, həri, nişan və toyda gəlinə qızıldan bəzək əşyaları hədiyyə edilir. Bəxşişləri bəy və ailəsindən savayı, həmçinin gəlinin də bütün qohum- əqrəbası verir. Bundan əlavə, hər doğulan uşağa görə xanım yoldaşından istədiyi cəvahiratı tələb edə bilər.
Adətə görə, toyda gəlinə sırğa, boyunbağı, qolbağ və üzükdən ibarət qızıl taxılır. Bu hədiyyə bəyin anası tərəfindən edilir.
Seçilmiş günlərdən biri bəy tərəfi gəlini götürərək, kəbin kəsmək üçün mollanın yanına yollanırlar. Adəti üzrə, bəzən isə molla özü evlənənlərin birinin evinə gedərək, sevənlərin nikahını qıyır. Bundan sonra hər kəs toy mərasiminə yollanır. Toyda qonaqlar evlənən cütlüyə xeyir dua verir, uşaqlar düyü və ya gül ləçəklərini bəy və gəlinin üzərinə səpir. Bundan sonra möhtəşəm toy şənliyi başlayır. Toyda yalnız canlı musiqi, çalğı, və ərəb rəqslərini oynayan rəqqasələr çıxış edir.
Rəqslərdən sonra adətə görə, bəy və gəlin birlikdə hər stola yaxınlaşaraq, gələn qonaqları salamlayıb, toylarında iştirakları üçün onlara təşəkkür edirlər. Şirinlik olaraq, ev yiyəsi tərəfindən hər qonağa "qoraybi" adlı, ağ rəngdə, badamlı şirniyyat verilir. Toyun sonunda bəylə gəlin xəncərlə mərkəzə gələn hündür tortu kəsdikdən sonra öz evlərinə yollanırlar.
Livanlılar bütün toylarını çox təmtəraqla keçirərlər. Və digər ərəb ölkələrinin adətləri kimi, Livanda da toy şənlikləri 3-7 gün davam edir.
Rəna Mürşüd