Cənubi Koreyada fəaliyyət göstərən bütün Starbaks filialları ölkə üzrə eyni vaxtda fəaliyyətini dayandırıb.
EDnews xəbər verir ki, bu qərar şirkətin "Tank Day" adlı reklam kampaniyasının ölkədə ciddi narazılıq doğurmasından sonra qəbul edilib.
Məlumata görə, Cənubi Koreya üzrə 2 160-dan çox Starbaks filialı əməkdaşların tarix və sosial həssaslıq mövzusunda məcburi təlimlərdə iştirak etməsi üçün bir günlük bağlanıb. Bu, Starbaks Korea tarixində ilk ümummilli bağlanma halı kimi qeydə alınıb.
Qalmaqala səbəb olan kampaniya mayın 18-də təqdim olunan "Tank" seriyalı termos məhsulları ilə bağlı olub. "Tank Day" başlığı və "Tak! on the desk" şüarı ölkədə 1980-ci ildə baş vermiş Kvancju demokratiya hərəkatının hərbi qüvvələr tərəfindən qanlı şəkildə yatırılması hadisələrini xatırlatdığı üçün kəskin tənqid olunub.
İctimai narazılığın artmasından sonra şirkət kampaniyanı qısa müddətdə dayandırıb və rəhbər heyətdə dəyişikliklər edib. Bundan əlavə, Starbaks gələcək marketinq kampaniyaları üçün sosial həssaslıq meyarlarını nəzərə alan daha ciddi yoxlama mexanizmləri tətbiq edəcəyini açıqlayıb.
Qeyd edək ki, 1980-ci ilin mayında baş vermiş Kvancju demokratiya hərəkatı Cənubi Koreya tarixinin ən həssas və mühüm hadisələrindən biri hesab olunur.







