ABŞ və Avropa dövlətlərinin siyasi-iqtisadi yöndən diqqətinin Ukraynadan İsrailə yönəlməsi Rusiya üçün qalibiyyətin çağırışı ola bilər. Bu fikirlə bir çox siyasi ekspertlər çıxış edib.
Bu vəziyyət müharibənin gələcək illərində Ukrayna tərəfi üçün ciddi problemə çevrilər bilər?
Məsələ ilə bağlı Ednews-a danışan Ukraynalı deputat Aleksandr Marejko Yaxın Şərq münaqişəsini Rusiyanın çoxdanki planı olduğunu iddia edib.
“Aydın məsələdir ki, Putin istənilən yolla, o cümlədən Yaxın Şərqdəki təxribatlarla diqqəti Rusiyanın Ukraynaya təcavüzündən yayındırmağa çalışır. Görünən odur ki, Rusiya Həmas terror təşkilatı və İranla əlaqələrindən istifadə edərək Yaxın Şərqdə yeni müharibəni qızışdırır. Buna baxmayaraq, düşünürəm ki, Rusiya dünya dövlətlərinin diqqətini Ukraynadan ayıra bilməyəcək. Ukraynanın yerləşdiyi coğrafi mövqe onu hər zaman NATO-nun maraqları üçün unikal edəcək. Fikrimcə, Rusiyanın fərqli regionlarda münaqişələri alovlandıraraq Qərbin dəstəyini sarsıtmaq ilk baxışda cəlbedici görünsə də, bu reallaşacağına inandığım bir hadisə deyil. Ola bilər ki, ABŞ öz dəstəyini qısa bir müddət üçün azaltsın, amma nə Avropa ölkələri, nə də ABŞ Ukraynadan birbaşa əl çəkə bilməz. Bu onların siyasi arenada böyük bir məğlubiyyəti kimi yadda qalar.
Nəzərə almaq lazımdır ki, Qərbin, ilk növbədə ABŞ başda olmaqla NATO üzvü olan ölkələrin Ukraynanı dəstəkləmək üçün kifayət qədər iqtisadi və hərbi-texniki gücü var. Eyni zamanda, həm ABŞ, həm də Avropa liderləri Ukraynanı konfliktin axırına qədər dəstəkləyəcəklərini açıqlayıblar. Rusiyanın kəşfiyyat xidməti çox güman ki, İsrailə qarşı hazırlanan terror hücumlarından xəbərdar idilər. Lakin, İsrailə qarşı terror hücumunun baş verməsi Rusiyanın planında atılmış və uzun müddət nəzərdən keçirilmiş bir addım idi”.
Fərid Axund