İranın XİN-i Hüseyn Əmir Abdullahiyan İranın Azərbaycandakı və Ermənistandakı səfirləri ilə danışıqlar aparıb. Danışıqlarda İranın XİN rəhbəri bir daha bildirib ki, regiondakı problemlər "xaricilərin iştirakı olmadan" həll edilməlidir. O, qeyd edib ki, İran Cənubi Qafqaza xüsusi diqqət yetirir. İranın Qafqazdakı rolu güclüdürmü? Əvvəlcə Ermənistanı dəstəkləyən İran niyə məsələyə neytral yanaşır?
Mövzu ilə əlaqədar Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan Ednews-a açıqlaması zamanı bildirib ki, İran hakimiyyəti həmişə Cənubi Qafqazda gedən proseslərə müdaxilə etməyə çalışıb:
“Bunu 30 ilə yaxın davam edən Azərbaycan Ermənistan münaqişəsindən görmək olardı. Həmin müddətdə İran daim işğalcı Ermənistanı dəstəkləyib. Son 3-ildə İran Cənubi Qafqaza müdaxilələrdə özünü itirib. Xüsusən regionda yaranan vəziyyətə və Azərbaycanla bağlı münasibətlərdə dəyişiklik etməyə cəhd göstərməyib. Əksinə sərt münasibəti davam etdirdi. Sonda bunun yanlış olduğunu anlayıb geri çəkildi. Hər kəsə məlumdur ki, regionda Azərbaycanla münasibətlər normallaşmadan Cənubi Qafqazda fəaliyyət göstərmək və uzunmüddətli əməkdaşlıq etmək imkansızdır. Bununla belə Cənubi Qafqaza təkcə İran maraq göstərmir. Eyni zamanda Azərbaycan, Gürcüstan və Ermənistanın əməkdaşlıq etdiyi qərb ölkələri var. Bu baxımından İranın regiona hər hansı iddianı diqtə etməsi yersizdir. Hər 3 ölkə özünə tərəfdaş seçməkdə müstəqildir. Əsas olan bu əməkdaşlıqda əsas məsələ regiona təhlükə gətirməməkdir”.
Politoloq əlavə olaraq qeyd edib ki, İran hakimiyyətinin Cənubi Qafqaza istənilən müdaxiləsi regionunun təhlükəsizliyini şübhə altına salır:
“Məsələn, vaxtilə İran Azərbaycanda 5-ci kalon hazırlamağa cəhd göstərib. İranın Cənubi Qafqazda müəyyən qüvvələri var. Gürcüstan və Azərbaycan ərazisində isə daha çoxdur. Bu da əsasən din və təriqət haqları ilə bağlıdır. Tehran hakimiyyəti bu faktordan həmin ölkələrə müəyyən ismarıclar göndərərək təzyiqlər etməyə cəhd göstərir”.
Son olaraq politoloq İranın Ermənistandakı səfirinin məsələləri necə bulandırığını vurğulayıb:
“Son zamanlar İranın Ermənistandakı səfiri regional məsələrlə bağlı o cümlədən Azərbaycana qarşı bir sıra səhvlərə yol verib. Demək olar ki, Xarici İşlər Naziri Hüseyn Abdullahiyan səfiri Subhaniyəyə bu tip səhvlərin edilməməsi ilə bağlı təlimat verilib. Başqa sözlə deyərsək, Azərbaycandakı və Ermənistandakı gələcək fəaliyyəti ilə bağlı İran XİN-i diplomatlarına müəyyən təqdimatlar təqdim etdiyini söyləmək olar".
Xəyal Ramiz