“Aİ çalışır ki, sülh müqaviləsində daha çox Avropanın rolu olsun” Politoloq

Ötən gün  Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Arazdəyən-Culfa-Mehri-Horadiz dəmir yolunun bərpası və bu hissədə hərəkətin təşkilini müzakirə ediblər. İrəvan səfərindən sonra Aİ rəsmisinin Azərbaycana səfəri gözlənilir. 

Görüşü politoloq Ramiyə Məmmədova Ednews-a şərh edib.

O, qeyd edib ki, Aİ-nin Xüsusi Nümayəndəsi, Toivo Klaarın hər iki ölkəyə səfəri Brüsseldə olacaq  görüşə hazırlıq kimi səciyyələndirmək olar.

“Qərb uzun müddətdir ki, sülhün imzalaması üçün  tövhə verir. Bu səfər isə Brüsseldə olacaq görüş öncəsi hazırlıqdır. Bu gün Qərb çalışır və istəyir ki, Azərbaycan Ermənistan arasında olacaq sülh müqaviləsində Rusiyanın deyil, Aİ-nin rolu olsun. Belə ki  artıq Rusiya regionda geridə qalır. Rusiyanın etdiyi addımlar, yerləşdiriyi rus sülhməramlı qoşunları, münaqişənin həllində rolu olmadığı görünür”.

Politoloqun sözlərinə görə, Avropa İttifaqı çalışır ki, sülh müqaviləsində daha çox Avropanın rolu olsun. 

“İlham Əliyev və Paşinyanın danışıqlarına baxsaq görərik ki, Rusiya və Avropada olan görüşlər arasında fərq var. Böyük nəticə olmasa da vəziyyət bərbad deyil. Addım-addım sülhə doğru gedirik. Azərbaycan torpaqlarının bütövlüyünü tanınması böyük addımdır. Ona görə də Toivo Klaarın gəlişi Brüssel öncəsi hazırlıq görüşü kimi səciyyələndirilir. Lakin sülh müqaviləsinin bu qədər yaxında imzalanacağını gözləmirəm. Məsələ hələ ki tam həll olunmayıb. Xırda məsələlər çoxdur. Bunların daşınılması və həlli üçün zaman lazımdır. Paşinyan addım-addım sülh müqaviləsinə gəlir. Sadəcə buna zaman lazımdır”.

Aysel Şahmar