Qərbdə yenə Azərbaycana qarşı geniş kampaniyaya start verilib. Media qurumları ilə yanaşı, bəzi qərbli siyasilər də Azərbaycana qarşı ağlasığmaz ittihamlar irəli sürürlər. Bu nə ilə bağlı ola bilər?
Bu barədə Ednews-a politoloq Cümşüd Nuriyev bildirdi ki, bu gün Avropa və ABŞ-ın Azərbaycana qarşı bu münasibətlərinin kökündə ölkəmizə olan bir tələb durur. Onlar istəyirlər ki, Azərbaycan Rusiyaya qarşı cəbhə açmalıdır, İranla münasibətlərini korlamalıdır, bütün bunların fonunda da Azərbaycan yem olmalıdır:
"Yəni “ikinci Ukrayna” hazırlamaq istəyirlər. Azərbaycan buna getmir, biz qonşu ölkələrlə münasibətlərimizi normal saxlayırıq, bu, təhlükəsizlik konsepsiyamızda da yer alır. Kimsə öz maraqları naminə bizi nələrəsə məcbur edə bilməz. Azərbaycana qarşı bu kampaniyada başqa bir məqsəd də, ölkəmizdə hakimiyyət çevrilişi etməkdir. Həm Azərbaycan daxilində, həm də kənarda yaşayan müəyyən şəxslərdən bu məqsədlə istifadə etməyə çalışırlar. Əgər böyük Qarabağ zəfərindən sonra kimlərsə hakimiyyət eşqinə düşürlərsə, bunun adı “siyasi mübarizə” deyil, başqadır. Bu prosesin arxasında da ABŞ və Avropanın dərin qurumları dayanır. Borrel, AŞPA və digər qurumların eyni vaxtda hücuma keçmələri təsadüfi deyil".
Politoloq qeyd etdi ki, bütün istiqamətlərdə Azərbaycana və Prezident İlham Əliyevə qarşı cəbhə açılıb. Biz dövlətimizin yanında daha möhkəm durmalıyıq. Azərbaycandakı birliyi dağıtmaq istəyirlər. 44 günlük müharibədən sonra çox güclü birlik formalaşıb, bu birlik də dövlətin arxasındadır. Poza bilməyəcəklər, xalq hər şeyi görür:
"Rusiyaya gücləri çatmır, bizi oda atmaq istəyirlər. İndi kimsə dava edirsə, biz niyə qurban olmalıyıq?! Problemlərini özləri həll etsinlər. Rusiya və ABŞ-da seçkilər keçiriləcək, Avropanın problemləri var, bunlarla məşğul olsunlar. İndi bütün bunlarda diqqəti yayındırmaq üçün Azərbaycanı önə çəkirlər. Bütün bu cəhdlər nəticə verməyəcək, bunu özləri də bilirlər".
Oğuz