Sabah Rəcəb Tayyib Ərdoğan İstanbul Böyük Şəhər Bələdiyyə sədrliyinə namizədinin adını açıqlayacaq.
Ednews xəbər verir ki, bu barədə Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömər Çəlik məlumat verib.
Məlumata görə, partiyanın sabah keçirələcək iclasında Ərdoğan 12 böyük şəhər və 16 vilayətdə bələdiyyə sədrliyinə namizəd olacaq şəxslərin adlarını elan edəcək. Gələn il Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində iştirak edən namizədlərin, xüsusuilə, İstanbulda sədrlik etmək üçün kimlərin mübarizə aparacağı maraqla qarşılanır.
İndiyə kimi AKP-nin İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədrliyi üçün Səlçuk Bayraktar, Fahrettin Koca, Əli Yerlikaya, Murat Kurum, Ergün Turan, Süleyman Soylu, Tevfik Göksü və Adil Karaismailoğlunun adı hallanıb. Ötən ay isə Binali Yıldırımın yenidən İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə namizəd ola biləcəyi iddia olunub. Xatırladaq ki, hazırda İstanbul Böyük Şəhər Bələdiyyə sədri Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğludur. O, yenidən seçilmək üçün namizədliyini irəli sürüb.