Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropa ölkələrinə səfərləri zamanı istifadə etdiyi marşrutu dəyişdiyi bildirilir.
EDnews xəbər verir ki, Oxu.Az-ın “Strana.ua” “Telegram” kanalına istinadən yaydığı məlumata görə, Zelenski bundan əvvəl xarici uçuşlar üçün Polşanın Jeşuv-Yasyonka beynəlxalq hava limanından istifadə edirdi.
Lakin Ukrayna liderinin iyunun 7-də Londona səfəri zamanı Kişineu üzərindən hərəkət etdiyi qeyd olunub. Marşrutun dəyişdirilməsinin rəsmi səbəbi açıqlanmayıb.
Ukrayna nəşri isə bu addımın Polşa və Ukrayna arasında yaranmış yeni gərginlik fonunda baş verdiyini yazıb.
Məlumata görə, mayın sonunda Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə “UPA qəhrəmanları” fəxri adını verməsi Kiyevlə Varşava arasında narazılığa səbəb olub. Polşada bu qərar sərt tənqid edilib və Ukrayna Prezidentinin üzr istəməli olduğu bildirilib.
Polşa Seyminin vitse-spikeri Kşiştof Bosak isə Zelenskinin artıq ölkədə arzuolunmaz qonaq hesab edildiyini deyib. O, həmçinin Ukraynanın Avropa İttifaqına üzvlük prosesinin bloklanmasını, Kiyevə kreditlərin ayrılmasının dayandırılmasını və Ukrayna Silahlı Qüvvələri üçün “Starlink” sistemlərinin maliyyələşdirilməsindən imtinanı dəstəklədiyini bildirib.
“The European Conservative” portalı isə yazıb ki, UPA ilə bağlı fikir ayrılıqları Polşa siyasi rəhbərliyinin Ukraynaya münasibətində daha sərt kursa keçməsinə səbəb olarsa, Kiyev üçün daha ciddi problemlər yarana bilər.






.jpg)
