Bir müddət əvvəl “General Hospital” tərəfindən vətəndaşa saxta sağlamlıq arayışı verilməsi ilə bağlı məlumat yayılmışdı. Xəbər ictimailəşdikdən sonra Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi həmin özəl tibb müəssisəsində araşdırmaya başlayıb.
EDnews xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, AEM-dən “Unikal”a bildirilib ki, cari ilin may ayında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 1/9 ünvanında yerləşən “SEYMUR-M” MMC-yə məxsus “General Hospital” adlı özəl tibb müəssisəsində plandankənar yoxlama keçirilib.
Yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılıb.
AEM-dən verilən cavabda bildirilib ki, xidməti yoxlama zamanı inzibati xəta faktı aşkar edilib və rəsmiləşdirilib.
“Lisenziya olmadan cari praktik özəl tibb fəaliyyəti ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək növbəti icraata göndərilib”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən, bu cür hallara görə fiziki şəxslər 2 000 manatdan 3 000 manatadək, vəzifəli şəxslər 5 000 manatdan 10 000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 30 000 manatadək məbləğdə cərimə edilə bilər.


.jpg)

.jpeg)


