“Seçki kampaniyası başladıqdan sonra Ermənistanda keçirilən rəy sorğuları göstərirdi ki, seçicilərin əhəmiyyətli hissəsinin dəstəyini qazanan siyasi qüvvə yenidən Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyət olacaq. Sorğuların nəticələri də onun seçkilərin legitim nəticələri əsasında qalib gələcəyini göstərirdi”.
Bu fikirləri EDnews-a açıqlamasında politoloq Taleh Əliyev qeyd edib.

O, bildirib ki, sorğunun nəticələrinin belə olmasının səbəblərindən biri ənənəvi müxalifətin reputasiyasının zəifləməsi, digər tərəfdən isə yeni müxalifət siması kimi təqdim olunan Samvel Karapetyanın yenidən müharibə ritorikası ilə çıxış etməsi idi:
“Müharibədən yorulmuş və məğlubiyyətin nəticələrini yaşayan erməni cəmiyyəti üçün bu cür şüarlar cəlbedici və səfərbəredici təsir bağışlamırdı. Buna görə də seçkilərdə yenidən Nikol Paşinyanın qələbə qazanacağı gözləniləndir. Lakin seçkilərdən sonra Cənubi Qafqazda özünün əsas dayaq nöqtələrindən birini itirmək təhlükəsi ilə üzləşən Rusiyanın nəticələrlə tam razılaşmaması ehtimalı da müzakirə olunur. Bu baxımdan müxtəlif ssenarilər mümkündür.
Bu ssenarilər arasında Nikol Paşinyana qarşı uğursuz olsa belə mümkün sui-qəsd cəhdləri, ölkədə vətəndaş qarşıdurmasına səbəb ola biləcək iğtişaşların təşkili və ya hansısa seçki məntəqəsində bilərəkdən saxtakarlıq görüntüsü yaradılaraq həmin materialların sosial şəbəkələr vasitəsilə geniş yayılması kimi variantlar göstərilir. Belə addımlar seçkilərin legitimliyini şübhə altına almaq və Ermənistan hakimiyyətinə, xüsusilə də Nikol Paşinyana təzyiq vasitəsi kimi istifadə oluna bilər”.
Politoloqun sözlərinə görə, Ermənistanda seçici fəallığının kifayət qədər yüksək olması seçkilərin baş tutduğunu deməyə əsas verir:
“Mövcud mənzərə fonunda seçkilərin nəticələrinə görə yenidən Nikol Paşinyanın qalib gəlməsi daha real görünür. Lakin seçkidən sonrakı proseslərlə bağlı qəti proqnoz vermək çətindir. Çünki bu seçkilərin nəticələri Rusiyanın Cənubi Qafqazdakı gələcək mövqeyinə birbaşa təsir göstərə bilər. Rusiya müxtəlif vasitələrlə seçkilərin üzərinə kölgə salmağa çalışaraq sonrakı mərhələdə Nikol Paşinyanla siyasi manevr imkanlarını qorumağa və regiondan tam çəkilməsi prosesini ləngitməyə cəhd göstərə bilər”.
Politoloq onu da əlavə edib ki, Rusiya bu siyasətdə uğur qazana bilməyəcək. Bu gün seçkiləri müşahidə edən Avropa qurumları, beynəlxalq müşahidə missiyaları və ekspertlərin ilkin qiymətləndirmələri Nikol Paşinyanın qələbəsini təsdiqləyə bilər. Bundan sonra isə Qərb liderlərinin ardıcıl təbrik mesajlarının şahidi olmaq mümkündür.
Xatırladaq ki, bu gün Ermənistanda parlament seçkiləri keçirilir.
Aytac Kərimova | EDnews

.png)





