BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Bərdə rayonunda keçirilən maarifləndirmə tədbirində iştirak edib

Mayın 30-da BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (BMT QAK) Azərbaycandakı nümayəndəsi xanım Bik Lum BMT QAK-ın maliyyə ayırması, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyi və Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən 6 regionda icra olunan “Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Tərtər və Bərdə rayonlarında Məcburi Köçkün İcmalarında Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə” layihəsi çərçivəsində Bərdə rayonunda keçirilən maarifləndirmə tədbirində iştirak edib. 

Ednews xəbər verir ki, Bərdə rayonunda 12 nömrəli köçkün məktəbində baş tutan tədbirdə BAMF-ın prezidenti Umud Mirzəyev, PSTM komandasının təlimçi qrup rəhbəri Ruslan İbrahimbəyli və digər təlimçilər iştirak edib. Təlimdə mina, onun növləri, partlayıcı və partlamamış hərbi sursatlarla bağlı təhlükəsizlik qaydaları, insanların Böyük qayıdış zamanı davranış qaydaları, minalar və partlamamış hərbi sursatlarla qarşılaşdıqları zaman nə etməli olmaları barədə vacib məlumatlar çatdırılıb və iştirakçıların sualları cavablandırılıb. 

Qeyd edək ki, layihənin əsas məqsədi müharibədən zərər çəkən regionlarda və qayıdış prosesində iştirak edəcək əhalinin mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsi və biliklərinin artırılmasıdır. 

BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi əməkdaşları monitorinq səfərinə Tərtər rayonunda davam ediblər. Səfər çərçivəsində BAMF-ın Tərtər Regional Peşə Təlim Mərkəzi də ziyarət olunub.

Monitorinq səfəri iyun ayının 2-nə kimi davam edəcək. Səfər çərvivəsində Füzuli rayonunda keçirilən PSTM tədbirində də iştirak nəzərdə tutulub.

 
Xalqın sevimlisi Qənirə Paşayevanın HƏYAT YOLU