"Uşaqlara ilk növbədə özlərini dərk edib, potensiallarını qiymətləndirməyi öyrətməliyik".
Ednews xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ASAN xidmət”in təşkilatçılığı ilə keçirilən insan resursları və idarəetmə forumunda deyib. Onun sözlərinə görə müəllimlər uşaqlara bilik bölüşməkdən başqa, onu necə əldə etməyin yollarını öyrətməlidirlər:
“Bilik bir okeandırsa, həmin okeanda üzməyi bacarmaq lazımdır. Bizdə bir atalar sözü var:
Palaza bürün, el ilə sürün. Amma bu, hesab edirəm doğru deyil. Bəlkə insanın öz yolu var?!"
M.Abbaszadə qeyd edib ki, uşaqların potensialının üzə çıxarılması üçün layihə hazırlayırlar:
"Artıq 5000-dən çox uşaq imtahan verib. Biz indi testlərin əsasında təkmilləşdirmə aparıb proqram təminatı hazırlayırıq. Həmin proqramı məktəblərə vermək istəyirik ki, təxminən 7-ci sinifdən məktəblilər özlərini dərk edib, hansı sahədə potensialları olduğunu bilsinlər. Hazırda bu layihə ilə bağlı işçilərimiz müxtəlif rayonlarda testlər aparır və yekunda layihə Elm və Təhsil Nazirliyinə təqdim olunacaq".