İrlandiyalı qarışıq döyüş sənəti ustası Konor Makqreqorun UFC-yə qayıdışı ilə bağlı yeni məlumat yayılıb.
EDnews xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb.
Məlumata görə, Konor Makqreqor ABŞ-li döyüşçü Maks Hollouey ilə qarşılaşa bilər və tərəflər arasında danışıqlar son mərhələyə çatıb.
Bildirilir ki, irlandiyalı idmançının geri dönüşü iyulun 11-də Las Veqasda keçiriləcək “UFC 329” turnirində baş tuta bilər. Döyüşün yarımyüngül çəkidə keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Makqreqor mart ayında UFC-yə qayıtmaq niyyətini təsdiqləmişdi.
Qeyd edək ki, Konor Makqreqor sonuncu dəfə 2021-ci ilin yayında ABŞ-li Dastin Porye ilə qarşılaşıb və texniki nokautla məğlub olub. Həmin döyüşdə onun ayağı sınıb.
Makqreqor karyerası ərzində MMA-da 28 döyüş keçirib, bunların 22-də qələbə qazanıb, 6 dəfə isə məğlub olub. O, UFC-də yarımyüngül və yüngül çəki dərəcələri üzrə keçmiş çempiondur.








