2026/2027-ci tədris ili üçün ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin elektron qeydiyyatına başlanılır.
EDnews xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, təsviri sənət, teatr, kino və xoreoqrafiya sənəti, eləcə də musiqi sənəti istiqamətlərinin komissiyaları üzrə qeydiyyat prosesi iyunun 18-dən 29-dək davam edəcək.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər yalnız bir istiqamət üzrə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan qəbul imtahanının I mərhələsində, cari ilin məzunları üçün isə buraxılış imtahanında topladıqları ümumi balı 50 və daha yüksək olan abituriyentlər keçə bilərlər. Fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir.
Abituriyentlərə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər barədə məlumat DİM-in internet səhifəsində yerləşdiriləcək. Buraxılış vərəqəsində imtahanların tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcək.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə məlumatlar 2026-cı ildə nəşr edilən “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc olunub. Burada ali təhsilin bakalavriat və magistratura, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar, imtahan proqramları, qiymətləndirmə meyarları, hazırlıq tövsiyələri, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər və digər faydalı materiallar yer alıb.
Abituriyentlər DİM-in müvafiq keçidinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.







