Hələ ki, tam rəsmi xəbər olmasa da, həm Rusiya dövlət mediası, həm də “Vaqner Qrupu”nun Telegram kanalları Priqojinin öldüyünü elan ediblər. İyun ayında başlatdığı və sonradan davam etdirə bilmədiyi “hərbi çevriliş” cəhdindən etibarən Priqojin yeriyən ölü adam idi, sadəcə bunun hələ fərqinə varmamışdı. Kremlə silahlı yürüşü zamanı Putin onu xain olaraq adlandırdı. Lakin anlıq bir “zəiflik” nümayiş etdirərək, onu bağışladı. Hətta onun muzdlu qrupuna Belarusda sığınacaq da təklif etdi. Priqojin, yer üzündə Putinin sözlərinə həqiqətən inanan sonuncu şəxs ola bilər, nəinki qoşunlarını geri çəkmədi, həm də Rusiyada qaldı. Sankt – Peterburqda Afrika ölkələrinin rəsmiləri ilə görüşdü, yenə də hər şeydən xəbərsiz bir şəkildə Putinin ətrafında dolaşmağa davam etdi. Ötən günlərdə isə üsyandan sonra ilk dəfə Afrikadan video görüntü yayımlayaraq, “Rusiyanı daha da gücləndirmək üçün Afrikada döyüşmək naminə əsl cəngavərləri işə götürürük” – deyə fəxrlə qeyd edirdi.
Vaqner isə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olduğu üçün, Belarusa səfəri zamanı deyil, məhz Afrikaya gedərkən aradan qaldırıldı. Rusiya silahlı qüvvələrinin rəhbərliyi o qədər parçalanmış və qəbilələşmiş hal alıb ki, Priqojinin təyyarəsinin vurulmasını əmr edənin Putinin özü olduğunu və ya Moskvanın yüksək komandanlığında onun çoxsaylı digər düşmənlərindən birinin olduğunu əminliklə söyləmək mümkün deyil.
Bu epizod Rusiyanın vəziyyəti haqqında çox şey deyir. Bu, hər şeydən əvvəl Rusiyanın uğursuz dövlətə çevrildiyinin, satqınları qanuni yollarla cəzalandırmaq iqtidarında olmadığının və bunun əvəzinə öz problemlərini həll etmək üçün banda tipli sui-qəsdlərə əl atdığının sübutudur. Daha normal bir ölkədə üsyançı tərksilah olunar, həbs olunar, mühakimə olunar və həbs olunardı. Lakin Putin Rusiya dövlətinin qüdrətini və əzəmətini daim bəyan etməsinə baxmayaraq, bunu etmək üçün çox zəiflik göstərdi.
Sözsüz yenə də, Putin öz siyasi legitimliyini gücləndirmiş oldu. Beləliklə Priqojinin qətli ona qarşı çıxmaq istəyən və ya gələcəkdə bunu planlaşdıran hər bir şəxsə dərs olmuş oldu. Kralın yanına qədər gəlmisənsə, öldürmədən getməməlisən.
Vaqnerin gələcək taleyi...
Teleqram kanallarında Vaqner qruplaşması nə qədər, Putini bu hadisədən dolayı olaraq təhdid etsə də, heç bir şey olmayacağını çox yaxşı bilirik. Priqojinin varisi kimi göstərilən, Dmitri Utkinin də qəzada öldüyün nəzərə alsaq, hazırda başsız sürüdən fərqləri yoxdur. Yəqin ki, qruplaşmanın üzvləri müqavilə imzalayıb Rusiya qrupunda döyüşəcək, ya da ki, aqibətləri başçıları kimi olacaq. Hər bir halda Vaqnerin fəaliyyətləri Putinə çox fayda verdiyi üçün, bu muzdluların başqa bir lider altında fəaliyyətini də görə bilərik.
Əkbər Şəbəndəyev
.jpeg)