Bir müddət əvvəl Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” qüvvələri Amerika istehsalı olan zirehli maşınlar və Rusiya helikopterlərindən istifadə edərək Kabildə hərbi parad keçirib.
EDNews.net xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb .
Ekspertlərin fikrinə görə, parad “Taliban”ın qiyamçı qüvvədən daimi orduya çevrilmələrini nümayiş etdirib. “Taliban” iyirmi il ərzində qiyamçı döyüşçülər kimi fəaliyyət göstərib, lakin Qərbin dəstəklədiyi keçmiş hökumət avqust ayında süqut etdikdən sonra geridə qalan böyük silah və texnika ehtiyatından istifadə edərək qüvvələrini yenidən qurmağa başlayıb.
Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat katibi Enayatullah Xvarazmi bildirib ki, parad yeni təlim keçmiş 250 əsgərin məzuniyyəti ilə bağlı olub.
Paradda ABŞ istehsalı olan onlarla M117 zirehli texnikası küçələrdən keçərkən Mi-17 helikopterləri havada patrul xidməti həyata keçirib. Bir çox hərbi qulluqçu Amerika istehsalı M4 avtomatları daşıyıb.
“Taliban” qüvvələrinin hazırda istifadə etdiyi silah və ləvazimatların əksəriyyəti Vaşinqton tərəfindən qiyamçılarla mübarizə aparan Əfqanıstan milli qüvvələrinin yaradılması məqsədilə Kabildəki Amerikanın dəstəklədiyi hökumətə verilən silahlardır. Bu qüvvələr Əfqanıstan prezidenti Əşrəf Qaninin ölkədən qaçması ilə dağılıb, əksəriyyəti ölkəni tərk edib.
“Taliban” rəsmiləri bildiriblər ki, keçmiş Əfqanıstan Milli Ordusunun pilotları, mexanikləri və digər mütəxəssisləri yeni qüvvələrə birləşdiriləcək.
Əfqanıstanın Yenidənqurulması üzrə Xüsusi Baş Müfəttişin (Sigar) keçən ilin sonlarında verdiyi hesabata görə, ABŞ Əfqanıstan hökumətinə 2002-ci ildən 2017-ci ilə qədər təyyarələr, müşahidə sistemləri, avtomatlar, sursatlar, nəqliyyat vasitələri, gecəgörmə cihazları olmaqla 28 milyard dollardan çox müdafiə təyinatlı mal və xidmətlər ötürüb.
Təyyarələrin bir hissəsi Əfqanıstan qüvvələri tərəfindən qaçırılaraq qonşu Orta Asiya ölkələrinə uçub, lakin digər təyyarələr “Taliban”a miras qalıb. Onların nə qədərinin fəaliyyət göstərdiyi bəlli deyil.