Türkiyənin məşhur xəbər platforması "Hürriyyət"-də Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlarla bağlı məqalə yayımlanıb. Ednews xəbər verir ki, yazının müəllifi Nerdun Hacıoğludur.
Yazıda qeyd olunur:
"İrəvanın Qafqazda status-kvonu dəyişməyə yönəlmiş hücum kampaniyasının məqsədi bəlli olub. Ermənistan Azərbaycanı “təcavüzkar tərəf” kimi göstərməklə Rusiyanı münaqişəyə cəlb etmək məqsədi güdür. Az qala bütün sərhəd xətti boyunca iki gündür AZƏRBAYCAN ərazisinə təxribat xarakterli hücumlar həyata keçirən Ermənistanın məkrli planı üzə çıxıb. Yeni gərginlikdə Rusiyanı hərbi qüvvə kimi öz tərəfinə çəkməyi hədəfləyən Ermənistan diaspor vasitəsilə Qərb dövlətlərini anti-Azərbaycan koalisiyasının bir hissəsinə çevirməyə çalışır.
ONLAR MÜŞAHİDƏÇİ GÖNDƏRƏCƏKLƏR
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsinin məğlubiyyəti ilə barışa bilməyən ermənilər indiki münaqişələrə “Azərbaycan rəsmi şəkildə bizə hücum etdi” adı altında Rusiyanı yeni müharibəyə cəlb etməyə çalışırlar. Ermənistan administrasiyasının tələbi ilə ötən gün axşam saatlarında iclas keçirən Rusiya rəhbərliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) iki saatlıq video-konfransdan sonra Cənubi Qafqaz regionuna hərbi müşahidə missiyası göndərmək qərarına gəlib.
HESABAT HAZIRLANACAQ
Rusiya prezidenti Vladimir Putinin də iştirak etdiyi KTMT-nin fövqəladə sessiyasında qəbul edilən qərarı şərh edən Kreml bildirib ki, “Ermənistanın müraciəti ilə təcili toplaşan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəhbərləri KTMT-nin baş katibinə bölgəyə getmək və yerində hesabat hazırlamaq barədə göstəriş veriblər. Hazırlanan hesabata baxıldıqdan sonra təhlükəsizlik təşkilatı atılacaq addımları müəyyən edəcək”. Ermənistan Rusiyanı müharibəyə cəlb etməyə çalışarkən məlum oldu ki, Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəs pozulub. Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın artilleriya bölmələrinin D-30 və D-20 toplarından istifadə etməklə Azərbaycan ərazisindəki hərbi kazarmaları hədəfə aldığını açıqlayıb. Hücumların Kəlbəcər və Laçın bölgələrində cəmləşdiyi bildirilib.
Ermənistan məqsədinə çata bilmədi
Azərbaycanla Ermənistanın sərhəd bölgəsində baş verən münaqişələri yaxından izləyən hərbi müşahidəçilər Azərbaycan ordusunun erməni təxribatlarına daha müasir döyüş sistemləri ilə cavab verdiyini bəyan edərək, Ermənistanın məqsədinə çata bilməyəcəyini qeyd ediblər.
İlham Əliyev: "Biz yalnız cavab veririk"
İlham Əliyev atəşkəs pozulduqdan sonra Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı Bakıda qəbul edib. O, indiyə qədər baş verənlərə və baş verəcəklərə görə Ermənistan administrasiyasının məsuliyyət daşıdığını bəyan edib. Azərbaycanın yalnız hücumlara cavab verdiyini vurğulayan Əliyev, “Yeni gərginlik başlayandan bəri bir nəfər də olsun Azərbaycan əsgəri Ermənistan ərazisinə ayaq basmayıb. Biz Ermənistanın təxribat xarakterli hücumlarına ancaq açıq-saçıq zərbələrlə cavab veririk. Azərbaycanın Ermənistanın bir qarış torpağında gözü yoxdur. Bütün məsuliyyət Ermənistan administrasiyasının üzərinə düşür”,-deyə Prezident bildirib.
O, həmçinin, Azərbaycanın iki günlük münaqişədə həlak olan 100-ə yaxın erməni əsgərinin cəsədini Qırmızı Xaç vasitəsi ilə Ermənistana göndərməyə hazır olduğunu açıqlayıb."
Tərcümə: Nəzrin Bəydiyeva