Dövlət Gömrük Komitəsi külli miqdarda tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilərək satışa çıxarılmasının qarşısını alıb.
EDnews xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxta sənədlərdən aldatma yolu ilə istifadə olunaraq Türkiyədən Azərbaycana gələn nəqliyyat vasitəsində qaçaqmalçılıq faktı aşkarlanıb.
Məlumata görə, nəqliyyat vasitəsindəki “gübrə” yükünün arxasında aşkarlanmanı çətinləşdirən üsulla yerləşdirilmiş 1 milyon 500 min manat dəyərində tütün məmulatları aşkar edilib.
Ümumilikdə 1000 karton qutuda 10 milyon ədəd “Boston” markalı, müvafiq nişanlanması olmayan siqaretin ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 206.3.2, 213-1.2.1 və 213-1.2.3-cü maddələri ilə cinayət işi başlanıb.
Cinayətlərin törədilməsində iştirakı müəyyən edilən şəxslərdən 3 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmə qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hadisədə iştirakı olan digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.








