Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə magistratura və doktoranturaya qəbul imtahanlarında yoxlanılan bacarıqlarla bağlı açıqlama verib.
EDnews xəbər verir ki, o, bu barədə "Trend" Beynəlxalq İnformasiya Agentliyi və Baku TV-yə birgə müsahibəsində danışıb.
Məleykə Abbaszadə bildirib ki, magistraturaya qəbul zamanı namizədlərin informatika üzrə istifadəçi səviyyəsində bilikləri, xarici dil bilikləri və məntiqi təfəkkürü yoxlanılır.
"Biz nəyi yoxlayırıq? İnformatika üzrə istifadəçi səviyyəsində bilikləri, xarici dil biliklərini və məntiqi təfəkkürü. Müasir dünyada elmi fəaliyyətlə məşğul olmaq üçün iki əsas alət var - xarici dil və IT texnologiyaları. Bu iki alətlə işləməyi bacaran insanlar elmi fəaliyyətdə daha uğurlu ola bilirlər", - deyə o vurğulayıb.
DİM sədri qeyd edib ki, magistraturaya qəbul imtahanlarında namizədlərə ən azı iki cəhd imkanı yaradılır və bu, onların zəif tərəfləri üzərində işləməsinə şərait yaradır.
Doktoranturaya qəbul prosesinə toxunan Məleykə Abbaszadə bildirib ki, DİM yalnız xarici dil imtahanını təşkil edir.
Onun sözlərinə görə, elmi fəaliyyətlə məşğul olmaq istəyən şəxslər xarici dili B2 səviyyəsində bilməlidirlər və namizədlər DİM imtahanı ilə yanaşı, beynəlxalq sertifikatlarını da təqdim edə bilərlər.
Məleykə Abbaszadə həmçinin magistratura və doktoranturaya qəbul olmaq istəyənlərin motivasiyası ilə bağlı da sual ünvanlayaraq, bəzi şəxslərin hərbi xidməti təxirə salmaq məqsədilə bu pillələrə müraciət edib-etmədiyini düşündüyünü bildirib.







