“Əgər valideyn həqiqətən övladını sevirsə, onu sadəcə bir əyləncə və ya “gözəl geyindirilmiş kukla” kimi görməməlidir”.
EDnews xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Trend” Beynəlxalq İnformasiya Agentliyinə və Baku TV-yə verdiyi birgə müsahibədə bildirib.
Onun sözlərinə görə, valideynlik təkcə status deyil, ciddi məsuliyyət tələb edən bir prosesdir. O qeyd edib ki, uşağın şəxsiyyət kimi formalaşmasında valideynin rolu həlledicidir və bu prosesi başqasına həvalə etmək düzgün deyil.
DİM sədri bildirib ki, hazırda birinci sinfə hazırlıqdan belə repetitorlara müraciət halları artıb: “Halbuki valideyn uşağı ilə daha çox vaxt keçirməli, onunla kitab oxumalı və maraqlarını inkişaf etdirməlidir”.
Məleykə Abbaszadənin sözlərinə görə, müvafiq hazırlıq materiallarından istifadə edən uşaqlar qəbul imtahanlarında uğur qazana bilirlər. O, hər il bu cür yüzlərlə abituriyentin ali təhsil müəssisələrinə qəbul olunduğunu da diqqətə çatdırıb.
Qeyd edilib ki, onun fikrincə, valideynlik karyeradan da vacibdir və uşaqların düzgün tərbiyəsi gələcək cəmiyyətin formalaşmasında əsas rol oynayır.







