Autizmli şəxslərin əmək bazarına inteqrasiyası ilə bağlı problemlər hələ də aktual olaraq qalır. Mütəxəssislər hesab edirlər ki, cəmiyyətdə autizmə dair mövcud stereotiplər onların iş tapmaq imkanlarını məhdudlaşdıran əsas amillərdəndir.
Məsələ ilə bağlı psixoloq Fuad Əsədov EDnews-a açıqlamasında bildirib ki, autizmli şəxslərin iş qabiliyyətinə dair yanlış təsəvvürlər onların məşğulluq imkanlarına mənfi təsir göstərir:
“Autizm deyiləndə insanların əksəriyyətinin ağlına spektrin yalnız ağır formaları gəlir. Halbuki autizm çox geniş spektrdir və bir çox autizmli şəxs müxtəlif sahələrdə uğurla fəaliyyət göstərə bilir. Xüsusilə proqramlaşdırma, riyazi-statistik təhlil və məlumatların detallı analizi kimi diqqət və dəqiqlik tələb edən sahələrdə onların güclü tərəfləri özünü göstərə bilir”.
Psixoloqun sözlərinə görə, işə qəbul prosesində ən böyük maneələrdən biri müsahibələrin sosial bacarıqlara həddindən artıq fokuslanmasıdır:
“Autizmli şəxslər bəzən ünsiyyət və davranış xüsusiyyətlərinə görə işəgötürənlərdə yanlış təəssürat yaradırlar. Nəticədə onların peşəkar bacarıqları lazımi səviyyədə qiymətləndirilmir. Halbuki işə qəbul zamanı yalnız sosial bacarıqlara deyil, namizədin iş görmə potensialına və praktiki biliklərinə də diqqət yetirilməlidir”.
Fuad Əsədov qeyd edib ki, bir sıra beynəlxalq şirkətlər artıq daha inklüziv işə qəbul modelləri tətbiq edirlər:
“Microsoft və SAP kimi şirkətlər namizədlərin sosial bacarıqlarından daha çox onların praktiki və peşəkar bacarıqlarını qiymətləndirən yanaşmalardan istifadə edirlər. Bundan əlavə, autizmli əməkdaşlar üçün sakit iş otaqları, səs-küyünü azaltmağa kömək edən qulaqlıqlar və mentorluq proqramları kimi dəstək mexanizmləri yaradılır”.
Qeyd edək ki, beynəlxalq araşdırmalar autizmli şəxslərin məşğulluq səviyyəsinin ümumi əhali ilə müqayisədə daha aşağı olduğunu göstərir. Mütəxəssislər hesab edirlər ki, stereotiplərin aradan qaldırılması, işə qəbul proseslərinin daha inklüziv formada təşkili və uyğun iş mühitinin yaradılması autizmli şəxslərin əmək bazarında iştirakını artırmağa kömək edə bilər.
Aydan Qasımova | EDnews
.jpg)

.jpg)




