Yeni beynəlxalq araşdırmaya görə, britaniyalı qadınlar Avropada ən çox qəzəb və emosional gərginlik yaşayan qadınlar sırasında birinci yerdədir.
EDnews xəbər verir ki, bu barədə “The Independent” "Hologic Global Women’s Health Index"in nəticələrinə istinadən məlumat yayıb.
Araşdırmada dünyanın müxtəlif ölkələrindən 76 mindən çox qadın və qız iştirak edib.
2024-cü ilin məlumatlarına əsasən, Böyük Britaniyada qadınların təxminən dörddə biri sorğudan bir gün əvvəl qəzəbli olduqlarını bildirib.
Müqayisə üçün, Avropa üzrə orta göstərici 13 faiz təşkil edib.
Tədqiqatda qeyd olunur ki, son bir ildə Böyük Britaniyada qadınlar arasında qəzəb səviyyəsi 47 faiz artıb. Avropanın əksər ölkələrində isə bu göstərici nisbətən sabit qalıb.
Mütəxəssislər bu tendensiyanı qadınların sağlamlıq göstəricilərinin pisləşməsi və səhiyyə xidmətlərinə çıxışda yaşanan problemlərlə əlaqələndirirlər.
Son reytinqdə Böyük Britaniya 142 ölkə arasında 41-ci yerdən 48-ci yerə enərək indiyə qədər ən zəif nəticələrindən birini göstərib.
Araşdırmaya əsasən, britaniyalı qadınların təxminən üçdə biri müntəzəm olaraq fiziki ağrı yaşadığını bildirib. Bu, indeksin aparıldığı dövr ərzində qeydə alınan ən yüksək göstəricidir.
Sorğuda iştirak edən qadınların 40 faizi isə tibbi yardım almaqda çətinlik çəkdikləri üçün narahatlıq və ya məyusluq yaşadıqlarını deyib.
Hər 10 qadından təxminən 7-si son beş ildə Milli Səhiyyə Xidmətinə müraciət edərkən gecikmələrlə üzləşdiyini bildirib.
Tədqiqat müəllifləri qeyd edirlər ki, səhiyyə xidmətlərinə çıxışla bağlı problemlər qadınlara daha ciddi təsir göstərir.
Britaniya səhiyyə sistemində müayinə və müalicə gözləyən xəstələrin əksəriyyətini qadınların təşkil etdiyi bildirilir.
Xüsusilə ginekoloji yardım sahəsində gözləmə siyahılarının uzunluğu ciddi problem kimi göstərilir.
Qeyd edək ki, Hologic Global Women’s Health Index hər il qadınların fiziki və psixoloji rifahını, həmçinin səhiyyə xidmətlərinə çıxış imkanlarını qiymətləndirir. Araşdırmada stress, ağrı, emosional vəziyyət və profilaktik müayinələr kimi göstəricilər nəzərə alınır.





.jpg)

