“Ermənistanda seçkilərə sayılı günlər qalıb. Bunun həm ölkə, həm də region üçün mühüm bir proses olacağını rahatlıqla demək olar. Seçkilərin nəticəsinin Ermənistan-Azərbaycan sülh danışıqlarının gələcəyi, Türkiyə-Ermənistan normallaşma prosesi, Rusiyanın Cənubi Qafqaza təsiri, Avropanın enerji təhlükəsizliyi və s. kimi bir çox mühüm məsələyə dolayı təsiri olacaq”.
Politoloq Turan Rzayev bunu EDnews-a açıqlamasında bildirib.

O qeyd edib ki, məsələ artıq dəqiqdir. Seçkilərdə qalibi də, məğlubu da Azərbaycan faktoru müəyyən edəcək:
“Əslində Azərbaycan bu və ya başqa formada Ermənistan seçkilərinə müdaxilə etmir, belə bir düşüncəsi də yoxdur. Düzdür, seçkilər Bakıdan da izlənilir, lakin birbaşa müdaxilədən söhbət gedə bilməz. Digər tərəfdən Azərbaycanın Ermənistana hansısa hücum planı da yoxdur. Bakı İrəvanla sülh danışıqlarından məmnundur. Paralel olaraq delimitasiya və demarkasiya prosesi davam edir. Vətəndaş cəmiyyəti nümayəndələri isə bir müddətdir ki, intensiv qarşılıqlı səfərlər edir. Real mənzərə bundan ibarət olsa da, Ermənistandakı seçki kampaniyasında Azərbaycan, Prezident İlham Əliyevin çıxışları və mesajları gündəm yaradır. Robert Köçəryan və onun kimi digər revanşistlər açıq şəkildə Azərbaycan təhdidindən danışır, azərbaycanofobiyanı təbliğ edir. Baş nazir Nikol Paşinyanın da gündəmində Azərbaycan, Azərbaycanla münasibətlər və ehtimal risklər kimi mövzular var. Məhz buna görə demək olar ki, seçkinin qalibini Azərbaycan faktoru müəyyən edəcək”.
Onun sözlərinə görə, bir tərəfdən Azərbaycanla əməkdaşlıq və sülhün faydalarından bəhs edən Paşinyan var, digər tərəfdən isə Azərbaycanı təhdid aləti kimi təqdim edərək seçiciləri qorxudub nəyəsə nail olmağa çalışan R. Köçəryan və revanşistlər var:
“Subyektiv yanaşmam belədir ki, Paşinyan və komandası seçkidə qalib gələcək. Çünki daha orijinal və rəngli kampaniya aparırlar. Bundan başqa, vədləri erməni cəmiyyətinin maraqlarına uyğundur. Yəni İrəvan Avropa Birliyinə üzv ola bilməsə belə, bu vədin xalqa verilməsi R. Köçəryanın Azərbaycan “təhlükəsi”ndən danışmasından, nicatı Rusiyada görməsindən daha xoş səslənir. İkincisi, Paşinyanın hakimiyyəti dövründə başlayan və uğurla davam edən bir sülh prosesi var. Bu prosesin bir də Türkiyə xətti var. Yəni reallığın çəkisi Paşinyanın xeyrinədir. Əslində R. Köçəryan və digər revanşistlərin israrla seçki kampaniyasını Azərbaycan təhdidi üzərində qurması təəccüblü deyil. Onlar qorxur ki, seçkidə məğlubiyyətdən sonra Paşinyan onları bu və ya hansısa formada həbs edib Azərbaycana qaytaracaq. Azərbaycan tərəfi belə bir tələblə çıxış etməsə də, imkan yaranacağı təqdirdə bu məsələyə qayıdacağı açıqdır. Misal üçün, 44 günlük müharibə zamanı Köçəryan, həmçinin Serj Sarkisyan və Seyran Ohanyan Qarabağa gəlmişdi. Azərbaycan tərəfi onların yerini bilirdi və həbs etməyə hazırlaşırdı. Amma Rusiya kəşfiyyatından bu haqda xəbərdarlıq alan Köçəryan Ermənistana qaçdı. Onun ardınca Sarqsyan, Şuşanın azad olunması ərəfəsində isə Ohanyan da Qarabağdan qaçdı”.
Analitik hesab edir ki, adı çəkilən şəxslər Azərbaycana birmənalı şəkildə verilməyəcək. Lakin ortaq bir məhkəmə prosesi ilə mühakimə edilib həbs edilə bilərlər. Seçkilərin nəticəsinə gəldikdə isə Paşinyanın qələbəsi istisna deyil.
Qeyd edək ki, 7 iyun tarixində Ermənistanda təxminən 2,5 milyon seçici parlamentdəki yerlər uğrunda mübarizə aparan 18 partiya və blok arasında seçim edəcək.
Günəş Mərd | EDnews



.png)
.png)


